AYİB "AzərEnerji" üçün 30 milyon dollar kredit ayıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan hökumətinə "AzərEnerji" ASC üçün nəzərdə tutulmuş təqribən 30 milyon dollar dəyərində suveren kredit ayıracaq.

Olaylar.az AYİB-ə istinadən xəbər verir ki, kredit sazişinin 2024-cü il mayın 1-də təsdiqlənəcəyi və Azərbaycanın bərpa olunan enerji mənbələrinin (BEM) inkişafı üzrə planlarının icrasına kömək göstərəcəyi gözlənilir.

Vəsait Azərbaycanda BEM-dən alınan enerjinin "axacağı" dörd yarımstansiyada armatur işləri üçün avtotransformator avadanlığının satın alınması üçün nəzərdə tutulub.

Kredit sazişi çərçivəsində borcalan qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi çıxış edəcək, layihə isə "AzərEnerji" tərəfindən həyata keçiriləcək.

"Layihə bərpa olunan enerji imkanlarının inteqrasiyası üçün Azərbaycanın enerji sisteminin çevikliyini artırmağa kömək edəcək. Layihənin uğurlu icrası ölkədə BEM layihələrinin inteqrasiyası üçün vacib olan şəbəkələrin möhkəmləndirilməsi üzrə gələcək layihələr üçün nümunə olaraq çıxış edəcək", - deyə AYİB-in məlumatında deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31