Mərkəzi Bankda “Ödəniş xidmətləri haqqında” Qanun layihəsinin təqdimatı keçirilib
19 Sentyabr 2013 19:20 İqtisadiyyatAzərbaycan Respublikasının Mərkəzi Bankında ölkədə nağdsız hesablaşmaların inkişafı, bütün ödəniş xidməti təchizatçılarının fəaliyyətinin və elektron pulun emissiyasının hüquqi bazasının yaradılması, ödəniş xidməti istifadəçilərinin hüquqlarının qorunması məqsədi ilə hazırlanmış "Ödəniş xidmətləri haqqında" Qanun layihəsinin bank ictimaiyyəti ilə geniş müzakirəsi təşkil edilmişdir.
Müzakirələr zamanı qanun layihəsinin məqsəd və predmeti, ödəniş xidməti təchizatçıları və ödəniş xidmətləri növlərinin təsnifatı, ödəniş xidməti təchizatçılarının və ödəniş xidməti istifadəçilərinin qarşılıqlı hüquq və vəzifələri, ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin təhlükəsizliyinin təmin olunması haqqında məlumat verilərək bu sahədə mövcud beynəlxalq təcrübə açıqlanmışdır.
Həmçinin, qanun layihəsi üzrə bank nümayəndələrini maraqlandıran məsələlərə toxunularaq daha geniş məlumat verilmiş, çoxsaylı suallar cavablandırılmışdır.
Mərkəzi Bank tərəfindən hazırlanmış "Ödəniş xidmətləri haqqında" Qanun layihəsi ölkədə nağdsız hesablaşmaların və ödəniş xidməti bazarının inkişafı baxımından pərakəndə ödənişlərin nağdsız dövriyyəyə cəlb olunması, ödəniş xidməti bazarında rəqabət mühitinin gücləndirilməsi, üçüncü tərəfin xeyrinə ödənişləri nağd formada qəbul edən təşkilatların və pul köçürmə sistemlərinin fəaliyyətinin tənzimlənməsi, elektron pul və birbaşa debetləşmə kimi yeni ödəniş alətlərinin tətbiqi, habelə ödəniş xidmətləri üzrə tərəflərin hüquq və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.