Avronun məzənnəsindəki yeni artımlar nə vəd edir?
19 Sentyabr 2013 16:26 İqtisadiyyatAvronun dollara nisbətən məzənnəsi dünya bazarında son 2 ayda ən yüksək səviyyəyə çatıb. Artıq 1 avro almaq üçün 1 dollar 34 sent ödəmək lazımdır. Sadəcə 2 ay öncə bu asılılıq cəmi 1 dollar 25 sent idi. Avronun dünya bazarında möhkəmlənməsinə anoloji olaraq Azərbaycanın valyuta bazarı da reaksiya verib və manatın avroya nisbətən məzənnəsi 1 manat 5 qəpiyədək aşağı düşüb. İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) hələ bu ilin əvvəlində- avronun məzənnəsinin düşdüyü ərəfədə sentyabr ayından başlayaraq avronun məzənnəsinin yüksələcəyi ilə bağlı proqnoz vermişdi. Bu onunla bağlı idi ki, dünya iqtisadiyyatının 25 faizinə malik olan Avropa Birliyinin valyutasının uzun müddət kəskin azalması praktiki mümkün deyildi: xüsusən bu azalmalarda spekulyativ faktorlar varsa. Onun sözlərinə görə, Avropa valyutasının məzənnəsindəki artımlar daha çox Almaniya indekslərində müşahidə edilən artımlarla bağlıdır. Eyni zamanda Avrozonada məşhur ZEV indeksində də artım qeydə alınıb. Empire Dövlət Manufaktura Indeksi də gözlənildiyindən daha yaxşıdır. Almaniyanın iqtisadiyyatını əsas indekator bu ay 42-dən 49.6-dək yüksəlib. Eyni zamanda, Avro zonada infilyasının ciddi şəkildə cilovlanması müşahidə olunur. "Avro zonadan fərqli olaraq ABŞ-da iqtisadi vəziyyət heç də yaxşı qiymətləndirilmir. Bernard Bernankenin ABŞ Federal Rezerv Bankından getmək qərarının da vəziyyəti dəyişəcəyini proqnozlaşdırmırlar. Bu posta real namizəd olan Laverence Summersin öz namizədliyini geri götürməsinə isə qısa zamanda Birləşmiş Ştatların valyuta bazarı reaksiya verdi. Dolların məzənnəsində azalmalar qeydə alındı. ABŞ-ın əsas indikatoru isə avqust ayında iyul ayına nisbətən 4 pillə geriləyib. Bu 2013-cü ildə ən aşağı göstəricidir. Ölkənin sənaye indeksi də 8.2-dən 6.3-dək azalıb. Spekulyativ faktorlara gəlincə, bəzi dövlətlər, o cümlədən investorlar avronun məzənnəsinin aşağı düşməsində maraqlı idilər. Bununla belə spekulyativ faktorlar uzun müddət fəaliyyət göstərə bilməz. Avronun məzənnəsinin yüksəlməsi prosesinin yaxın vaxtlarda da davam edəcəyi gözlənilir. Biz bunu nəzərə alaraq ötən aylardan avro ilə saxlanılan ehtiyatların satılmasının məqsədəuyğun olmadığını deyirdik. Eyni zamanda əhaliyə avronun məzənnəsinin aşağı düşdüyü müddətdə avro ilə yığımlarını artırmalarını təklif etmişdik. Çünki belə yığımları adətən valyutanın məzənnəsinin düşdüyü vaxtda etmək iqtisadi baxımdam daha məqsədəuyğun və rentabellidir. Yəni ucuz qiymətə alınmış valyutanın alınması sonradan onun baha qiymətə satılmasına imkan yaradır".
Ekspertin qənaətincə, Avronun manata nisbətən yüksəlməsi Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür. Əvvəlla, bu avro ilə saxlanan valyuta ehtiyatlarının manatla ifadə artmasına səbəb olur. Ancaq, bu heç də avronun dollara nisbətən məzənnəsinin yanvar-may aylarındakı kəskin azalmasından dəyən ziyanın "konpensasiya edilməsi" anlamına gəlməməlidir. Bununla yanaşı, avronun məzənnəsinin yüksəlməsi avro zonadan Azərbaycana idxal edilən məhsulların qiymətinin artmasına gətirib çıxara bilər. Bu isə "Avropa mallarının" Azərbaycanda daha bahalı satılmasına səbəb olacaq. Son məzənnə yüksəlmələri bir sıra xidmətlərin eləcə də təyyarə biletlərinin qiymətinin artmasına səbəb olacaq..
Avronun manata nisbətən son yüksəlişi yerli iş adamlarının ixrac qabiliyyətinin artırmaq üçün kifayət deyil. Əvvəla, hələ də avro ilə manatın məzənnəsi valyuta bazarının diqtə etdiyi tarazlıq deyil. Bu isə təbii ki, manatın dollara nisbətən məzənnəsinin iqtisadi baxımdan əsaslandırılmamış olması ilə bağlıdır. İkincisi, son dəyişikliklərdən sonra da avro zonada Azərbaycan məhsulları "bahali məhsullar" statusunu qoruyub saxlayır ki, bu da onların rəqabət imkanlarını azaldır.
Mərkəzi Bankın məzənnə siyasətinə yenidən baxması və sərt siyasətdən yumşaq valyuta siyasətinə keçməsi olduqca vacibdir. İndiki inzibati və sərt valyuta siyasəti ixracı stimullaşdırmamaqla yanaşı qeyri-neft sektorunun inkişafını tormozlayır.
Alim