İtirməyi gözə aldığınız məbləğdə investisiya edin

Rəqəmsal iqtisadiyyatın kriptovalyutası ilə bağlı suallarımızı Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri, UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev cavabladı:

-Elnur bəy, kriptovalyutalar son 5 ildə bütün dünyada kifayət qədər populyarlıq qazanıb. Kriptovalyutaların özəlliyi nədir və kriptovalyutalara artan marağın əsas səbəbi nə ilə əlaqədardır?

-Kriptovalyuta - rəqəmsal valyutanın kriptoqrafiyaya əsaslanan bir növüdür. Kriptovalyutalar hər hansı dövlətin siyasətindən, qanunlarından, pul vahidindən asılı deyil və heç bir qurum tərəfindən tənzimlənmir. Kriptovalyutanı istifadə etməyi heç kim məcbur və ya qadağan edə bilməz çünki rəqəmsal valyutaların dövriyyəsi internetdə baş verir və onlardan istifadə edənlərə heç kim nəzarət etmir. Bundan əlavə, kriptovalyutaların qiymətlərinin qısa zamanda yüksəlməsi investorların və sadə vətəndaşların rəqəmsal aktivlərə diqqətini çəkdi və bu sektora maraq daha da artmağa başladı. Kriptovalyutalar kifayət qədər riskli aktivlər olsa belə hazırda yüksək gəlirli investisiya alətlərindən biridir. Hesab edirəm ki, bunun üçün iki əsas səbəb var: 1. Texnologiyanın inkişafı - iqtisadiyyatın rəqəmsallaşdığı bir dövrdə kriptovalyutaların verə biləcəyi texnoloji imkanlar kağız pullar ilə müqayisədə daha çoxdur. 2. Qiymət artımı perspektivi - fiat valyutalar inflyasiya nəticəsində dəyərini itirdikləri halda kriptovalyutalarda əskinə olaraq, dəyəri zaman keçdikcə artıma daha çox meyillidir. İnsanlarda daha çox qazanmaq imkanı gözləntilərinin olması kriptovalyutalara marağın artmasına səbəb olur.

-Kriptovalyutaların qiymətlərində tez-tez ciddi dəyişikliklər baş verir. Rəqəmsal aktivlərin məzənnəsinin bu cür sürətli dəyişikliyi nə ilə əlaqədardır?

-Kriptovalyutanın qiymətinə təsir edən əsas göstərici bazarda tələb və təklif amilidir. Bazarda tələb varsa qiymət də yüksək olacaq və ya əksinə. Tələb isə o zaman yaranır ki, investorlar arasında kriptovalyutaya maraq və inam artır. Hesab edirəm ki, qiymətlərdəki kəskin dəyişikliklərin baş verməsinin əsas səbəbi insanların kriptovalyutaların gələcəyi ilə bağlı gözləntilərini bilməmələridir. Məlumdur ki, kriptovalyuta bazarında qiymətlər hər hansı mərkəzi orqan tərəfindən tənzimlənmir. İctimai mətbuatda kriptovalyutalar barədə dərc edilən istənilən müsbət və ya neqativ xəbərlər birbaşa olaraq kriptovalyuta bazarındakı qiymətlərə təsir edir. Bir çox hallarda xəbərlər spekulyativ xarakter daşıyır və müəyyən qruplar da var ki, bundan məharətlə isitifadə edib kriptovalyutaların məzənnəsinin dəyişməsində qazanırlar.
 
 
  -Kriptovalyutaların Azərbaycanda ödəniş üsulu kimi istifadə edilməsi ölkə iqtisadiyyatına və vətəndaşlara necə təsir edə bilər?

-Azərbaycanda yegənə ödəniş vasitəsi manatdır və hesab edirəm ki, yaxın 3 il ərzində birbaşa kriptovalyutalarla hər hansı əməliyyat aparmaq mümkün olmayacaq. Kriptovalyutaların istifadəsi üçün ilk növbədə ölkədə sosial, iqtisadi və hüquqi şərait yaranmalıdır. Bunun üçün insanlar maarifləndirilməli və müvafiq qanunvericilik aktları qəbul olunmalıdır. Yalnız bundan sonra real sektorda kriptovalyutalardan ödəniş vasitəsi kimi istifadəsi mümkündür. Lakin ölkəmizdə ödəniş vasitəsi kimi alternativ metodların olması təbii ki, müsbət faktor olardı. Çünki bu, bir ödəniş mədəniyyəti və yeni texnoloji yenilikdir. Hansı ki, iqtisadiyyatın şəffaflaşdılıması üçün yeni mərhələdir. Nə qədər ki, kriptovalyutalara hüquqi qiymət verilməyib və ödəniş metodları texniki baxımdan iqtisadi subyektlər arasında interqrasiya edilməyəcəksə, ümumilikdə ölkəmizdə rəqəmsal valyutalar sektorunun inkişafı sual altında olacaq. Hesab edirəm ki, rəqəmsal aktivlərin statusunun müəyyənləşdirilməsi üzrə vergi qanunverciliyinin təkmilləşdirməsinin vaxtı çatıb və buna həqiqətən ehtiyac var. Bu istiqamətdə inkişaf etmiş (Yaponiya, İsveçrə, ABŞ, Cənubi Koreya, Malta) və MDB ölkələrinin (Ukrayna, Belarus, Qazaxstan) təcrübəsi əsasında milli tənzimləmə modeli hazırlamaq olar. İlkin mərhələdə hətta müəyyən dövr üçün 0% vergi dərəcəsi və ya digər güzəşt tədbirlləri tətbiq etmək mümkündür. Nəzərə almaq lazımdır ki, hüquqi statusun müəyyən edilməsi ölkəmizdə maliyyə savadlılığının artırılmasına, məşğulluğun təmin edilməsinə, startap ekosisteminin inkişafına müsbət təsir edəcək və yeni fəaliyyət istiqamətlərinin - kriptovalyuta mayninqi, kripto-birjalar, yerli mübadilə servislərinin yaradılmasını stimullaşdıracaq. Ədalətli və obyektiv vergi mexanizminin tətbiqi ümumilikdə bu sektorun inkişafına şərait yaradacaq, korporativ şirkətləri və adi vətəndaşları kripto-əməliyyatlar üzrə gəlir vergisini ödəməyə motivasiya edəcək.

-Kriptovalyuta gəlirləri Azərbaycanda vergiyə cəlb edilirmi?

-Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisinin kriptovalyuta ilə əməliyyatlardan aldığı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur.  Bu zaman gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq 14% gəlir vergisi ödəməlidir

-Necə düşünürsünüz, kriptovalyutalar kağız pulları əvəz edə biləcəkmi və yaxın gələcəkdə qiymətlər necə olacaq?

-Kriptovalyutaların fiat pulları əvəz etməyi barədə danışmaq hələ ki, çox tezdir. Deyərdim ki, kriptovalyutalar hazırda ilkin inkişaf mərhələsindədir və yaxın gələcəkdə fiat pulları əvəz etmək kimi iddiası yoxdur. Bunun üçün müəyyən qanunvericilik aktlarının qəbul ediəsi vacib şərtdir. Dövlətlər isə bu baxımdan hələ ki, tələsmirlər və yeni texnologiyanın imkanlarını araşdırırlar. Hazırda yalnız Salvador bitkoini rəsmi ödəniş vasitəsi kimi tanıyıb. Böyük gözləntilər var ki, "spot bitcoin ETF"-i təsdiq edilməsi kriptovalyuta bazarına iri investisiya fondları tərəfindən kaptal axını olacaq və bu kriptovalyutaların dəyərinin qalxmasına birbaşa təsir edəcək. Hesab edirəm ki, növbəti "kripto ralli"-də ethereum, polkadot, matic, chainlink, agix, enjin coin, iotex, flow, doge, sand kimi prespektivi olan kriptovalyutalar dəyər qazanacaq. Ola bilsin ki, qısamüddətli mövqedə qiymətlərdə yenidən müəyyən korreksiya müşahidə etdik. Növbəti "bitcoin rallisi"-dən qabaq "kripto balinalar" bazardakı qiymətləri aşağı endirib kripto aktivləri daha ucuz qiymətlə toplamaq istəyəcək. Bununla belə bitcoin-in qiymətinin 32.000 dollardan aşağı düşməsinə inanmıram, çünki bu qiymətdə çox güclü dəstək var. Amma üzünmüddətli mövqedə rəqəmsal aktivlərin qiymətlərinin yüksəlməsini müşahidə edəcəyik.

-Kriptovalyuta almaq istəyənlər üçün nə məsləhət görürsunuz?

-Hesab edirəm ki, kriptovalyutalar investisiya aləti kimi uzunmüddətli mövqedə ən yüksək marjalı investiyalardan biri olacaq. Necə ki, son 2-3 ilin təcrübəsində biz bunun şahidi olduq. Təbii ki, sektor üzrə risklər yüksəkdir və real proqnoz vermək çox çətindir. Qlobal iqtisadiyyat rəqəmsallaşmaya doğru gedir və kriptovalyutalara da tələb artacaq. Rəqəmsal ödənişlərin real sektorda tətbiqi kriptovalyutaların faydalı olmasını daha da tezləşdirəcəkdir. Odur ki, investisiya etməzdən əvvəl risklərinizi minimumlaşdırmaq üçün özünüzdən daha təcrübəli ekspertlərlə məsləhətləşin. Kriptovalyutalar bir investisiya mədəniyyətidir. İnvestisiya etmisinizsə səbrli olub gözləməyi bacarmalısınız. Əgər sizin iqtisadi-texniki bilikləriniz, maliyyə bazarlarının iş prinsipi ilə bağlı məlumatlarınız kifayət qədər deyilsə o zaman çalışın kriptovalyutalara itirməyi gözə aldığınız məbləğdə investisiya edin.

ZEYNƏB RZAYEVA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31