Bahalaşan kommunal xidmətlərin xeyrini görürükmü? - ÖZƏL
15 Yanvar 2024 10:40 İqtisadiyyatMəlum olduğu kimi, Tarif Şurasının qərarına əsasən, 1 iyul 2021-ci il tarixindən etibarən Azərbaycanda təbii qazın qiyməti təxminən iki dəfə bahalaşıb. Görəsən, bu qiymət artımı özünü keyfiyyətdə göstərirmi? "Olaylar"ın məlumatına görə, Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirli bildirib ki, əyalətlərimizi nəzərə almasaq, Bakı və böyük şəhərlərimizdə qazın təzyiqi azalsa da qazın kəsilməsi eşidilməyib. Hələ ki, qışın başlanğıcıdır, sonda nə olacaq o barədə sonda danışarıq: "Əhalinin ən ağrılı yeri istilik təchizatının verilməsidir. Əhalinin istiliklə bağlı şikayətləri bitmək bilmir, bəs buna nə vaxt son veriləcək? İnanmaq istəsəm də inanmağım gəlmir. Çünkü binaların istilik xətlərinin verilməsində olan borulara baxsaq onların torpaqda üstlərinin açıq olması, istiliyin itməsi bunun bariz göstəricisidir. Bu gün evlərə verilən istilik dərəcəsi 45 dən yuxarı yoxdur. Bəlkə də qazanxanalarda istilik dərəcəsi 60-a bərabərdir, amma bu istilik evlərə gedib çıxmır. Bina zirzəmilərindəki nasazlıqlar, evlərdəki sistemlərin düzgün işləməməsi, istiliyin tam evlərə çatmasının qarşısını alır. İstiliyin olmaması bir yana, keyfiyyəti isə yox dərəcəsindədir. Demək olar ki, hava isti olduqda, evlərdə isti, soyuq olduqda soyuq olur. Soyuq havalarda istilik sistemindəki tempratura qrafik üzrə dəyişməlidir.Bunu isə görmürük".
Sədr müavini qeyd edib ki, şəhərə qar yağan kimi yollardan yığılmayan qar əriyərək böyük gölməçələr yaradır. Küçələrin sürüşkən olması isə piyadaların hərəkətində problemlərə yol açır:"Küçələrin sürüşkən olması avtobusların işləyə bilməməsi, piyadaların hərəkətində problemlərə, yol kanalizasiya sisteminin işləməməsi əlavə problemlərə yol açır. Bu səbəbdən də işıqforların işləməməsi nəqliyyatın gedişatında problemlər yaradır. Həmçinin binaların damlarının təmiri ilə bağlı vəziyyət də ürəkaçan deyil. Əksər binalarda lift şaxtalarından su damır. Sakinlərin öz hesabına bəzi damlar təmir edilsə də, əksər damlarda vəziyyət acınacaqlıdır. Qarın yağması göstərdi ki, məmur şəxslərin dedikləri yalan üstündə qurulub. Bəs onda ayrılan pullar hara gedir?"