İranda ərzaq qıtlığı yaranıb - VƏZİYYƏT ACINACAQLIDIR
Neft məhsulları bahalaşıb, ölkə iqtisadiyyatı çökür
4 İyul 2012 15:51 İqtisadiyyatQərb koalisiyasının nüvə proqramını davam etdirməkdə israrlı olan İrana qarşı iqtisadi sanksiyalar öz təsirini göstərməkdədir. Xatırladaq ki, iyulun 1-dən Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin yanvarın 23-də İrandan neft idxalına qarşı sanksiya tətbiq olunması barədə qəbul etdiyi qərar tam qüvvəyə minib. Bununla da İranın xam neft ixracı bu il 40% azalıb. İran ixracının təxminən 80%-ni təşkil edən neft satışından 2010-cu ildə gəlir 73 mlrd. dollar olub və bunun 14 mlrd. dolları AB ölkələrinin payına düşüb. AB üzvləri İrandan neft idxalı ilə bağlı yaranacaq boşluğu Səudiyyə Ərəbistanı başda olmaqla Körfəz ölkələri və Liviyanın hasilatı artırması ilə kompensasiya etmək niyyətindədir. İran isə gündəlik hasilat kvotasını (30 mln. barel) mayda 1,6 mln. barel artıran Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) fövqəladə toplantısını çağırıb. Qeyd edək ki, bu günə qədər bir sıra iri dövlətlər İrandan neft idxalını dayandırıblar. Bunlar İspaniya, Fransa, CAR, Malayziya, Belçika, Çexiya, İtaliya və digər ölkələrdr. Türkiyə İrandan neft ixracını əhəmiyyətli şəkildə azaldıb. Bununla belə İran rəsmiləri vəziyyətin çıxılmaz olmadığını bildirirlər. İranın neft naziri Rüstəm Qasımi deyib ki, AB-nin İrana qarşı sanksiya tətbiq etməsi Tehranın neft ixracına təsir göstərməyəcək. Onun fikrincə, İrana qarşı sanksiyalar yeni deyil, ölkəsi buna öyrəncəlidir. Nazir deyib ki, neft sənayesi bu sanksiyalardan mənfi təsir görməyəcək. Çünki sanksiyalara qarşı alternativlər, yəni, Avropa Birliyi ölkələrini əvəz edəcək yeni müştərilərimiz var. Amma siyasi ekspertlər iranlı nazirin nikbinliyini bölüşmürlər. Hesab olunur ki, İrana qarşı neft sanksiyaları İran iqtisadiyyatı üçün ciddi fəsadlar verəcək. Dünya bazarına alternativ xam neft məhsullarının çıxması (İraq və Liviya nefti) İranın işini çətinə salıb. İrandan daxil olan məlumatlarda deyilir ki, neft sanksiyaları ölkə iqtisadiyatına öldürücü təsir etməkdədir. Artıq İranda neft məhsullarının qiyməti əhəmiyyətli şəkildə artıb. Əgər yanvar ayında benzinin litri 400 tümən idisə, indi 700 tümənə qalxıb. Un, şəkər və digər gündəlik istifadə olunan ərzaq məhsullarının qiyməti qalxıb. Sanksiyalar davam edərsə, yaxın vaxtlarda İranda ərzaq qıtlığı yarana bilər. Ərzaq qıtlığı yaranarsa, dünya supergücləri ilə mənasız mübarizəyə baş vurmuş, atom silahı əldə etmək istəyən molla rejimindən narazılıq artacaq. Artıq narazılıq hiss olunmağa başlayıb. Adının çəkilməsini istəməyən təbrizli sahibkar bildirir ki, neçə həftədir ki, bazarda iş yoxdur. Güney Azərbaycanın başkəndi Təbrizin inqilablar beşiyi olduğunu, Təbriz bazarının isə əsas narazılıq ocağı olduğunu nəzərə alsaq, yaxın günlərdə İranda ciddi inqilabi proseslərin başlanacağını proqnozlaşdırmaq olar.
Aydın