Həkəri və Tərtər çayları üzərindəki 5 su elektrik stansiyası bərpa ediləcək- ÖZƏL
10 Yanvar 2024 12:27 İqtisadiyyat27 dekabr 2023-cü il tarixində "Azərbaycan İnvestisiya Şirkəti" ASC, Türkiyənin "Demirören Yatırım Holding A.Ş." və "Arges Enerji Team" MMC arasında Kəlbəcər və Laçın rayonlarında Həkəri və Tərtər çayları üzərində yerləşən 5 kiçik su elektrik stansiyasının bərpası və yenidən qurulması, uzun müddətə istismar və fəaliyyətinin təşkil edilməsinə dair Birgə İştirak müqaviləsi imzalanmışdır. AİŞ-dən "Olaylar"a bildirilib ki, layihə AİŞ-in işğaldan azad edilmiş ərazilərə özəl investisiyanın cəlb edilməsi ilə bağlı ikinci layihəsi olaraq, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə "yaşıl enerji" zonasının yaradılması üzrə Tədbirlər Planı"nda hidroenerji potensialından istifadə istiqamətində kiçik su elektrik stansiyalarının (KSES) bərpasına özəl investisiyanın cəlb edilməsinə töhfə verəcəkdir. Qeyd edilən stansiyalar fəaliyyətə başladıqdan sonra 60 nəfərin daimi iş yeri ilə təmin edilməsi gözlənilir.