Ölkəmizdə əczaçılıq sahəsinin inkişafı prioritet təşkil edir- ÖZƏL
10 Yanvar 2024 12:17 İqtisadiyyatÖlkəmizdə əczaçılıq sahəsinin daha da inkişaf etdirilməsi, idxaldan asılılığın azaldılması, yerli istehsala dəstək, eləcə də istehsal olunacaq məhsulların istehlak bazarında sərfəli şərtlərlə əldə edilməsi məqsədi ilə 2022-ci ildə "Azərbaycan İnvestisiya Şirkəti" ASC və "Diamed Development Group" MMC arasında İnfuzion məhlulların (su tərkibli dərman) istehsalı zavodunun tikilməsinə dair investisiya müqaviləsi imzalanıb və 2023-cü ilin 15 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən zavodun açılışı həyata keçirilib. Zavodda 51 nəfər daimi iş yeri ilə təmin edilib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, həmçinin, 31 iyul 2023-cü il tarixində AİŞ və "Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş" şirkəti arasında ölkəmizdə daha bir əczaçılıq müəssisəsinin yaradılmasına dair əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bunun nəticəsi olaraq, 7 dekabr 2023-cü il tarixində Pirallahı Sənaye Parkında "Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməlqoyma mərasimi olmuşdur. Zavod fəaliyyətə başladıqdan sonra 50 nəfərin daimi iş yeri ilə təmin edilməsi gözlənilir.