Şahbulaq daş karxanasında daha 160 nəfər daimi işlə təmin ediləcək- ÖZƏL
10 Yanvar 2024 12:10 İqtisadiyyatAzərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq, 4 noyabr 2022-ci il tarixində işğaldan azad edilmiş Ağdam rayonunda Şahbulaq daş karxanası layihəsinə investisiya qoyuluşu məqsədilə potensial investor seçiminə dair "Azərbaycan İnvestisiya Şirkəti" ASC tərəfindən keçirilmiş müsabiqədə qalib seçilmiş "StarMining" MMC ilə Birgə İştirak müqaviləsi imzalanmışdır. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, bunun nəticəsi olaraq, 26 yanvar 2023-cü il tarixində "Shahbulag Mining" MMC şirkəti təsis edilmişdir. Hazırda, karxanaya 70 işçi cəlb edilmişdir və test rejimində işlər aparılır. Karxananın tam şəkildə fəaliyyətə başlamasından sonra 160 nəfərin daimi iş yeri ilə təmin edilməsi gözlənilir. Layihənin icrası işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və tikinti işlərinin sürətli inkişafına töhfə verəcək, mişar daşına olan tələbatı iqtisadi cəhətdən daha effektiv və sərfəli şəkildə ödəyəcək və bölgədə yeni iş yerlərinin yaranmasını təmin edəcəkdir. Artıq layihədə istehsal prosesinə başlanılıb və işğaldan azad olunmuş ərazilərdə tikinti-quraşdırma işlərində müvafiq şəkildə iştirak təmin edilib.
Həmçinin, 27 dekabr 2023-cü il tarixində AİŞ, Türkiyənin "Demirören Yatırım Holding A.Ş." və "Arges Enerji Team" MMC arasında Kəlbəcər və Laçın rayonlarında Həkəri və Tərtər çayları üzərində yerləşən 5 kiçik su elektrik stansiyasının bərpası və yenidən qurulması, uzun müddətə istismar və fəaliyyətinin təşkil edilməsinə dair Birgə İştirak müqaviləsi imzalanmışdır. Layihə AİŞ-in işğaldan azad edilmiş ərazilərə özəl investisiyanın cəlb edilməsi ilə bağlı ikinci layihəsi olaraq, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə "yaşıl enerji" zonasının yaradılması üzrə Tədbirlər Planı"nda hidroenerji potensialından istifadə istiqamətində kiçik su elektrik stansiyalarının (KSES) bərpasına özəl investisiyanın cəlb edilməsinə töhfə verəcəkdir. Qeyd edilən stansiyalar fəaliyyətə başladıqdan sonra 60 nəfərin daimi iş yeri ilə təmin edilməsi gözlənilir.