Ötən il 900 min nəfər “Mobil notariat” tətbiqindən istifadə edib
7 Yanvar 2024 14:32 İqtisadiyyatƏdliyyə Nazirliyi tərəfindən ötən il 1.600-dək hüquqi akta dəyişiklik hazırlanıb, habelə 3.700-dən artıq akt hüquqi ekspertizadan keçirilib. Nazirlikdən "Olaylar"a daxil olan məlumata görə, əhalinin hüquq biliklərinin artırılması məqsədilə nazirliyin apardığı, o cümlədən insanların rahatlığı və əlçatanlığı üçün mobil qaydada təqdim etdiyi milli qanunvericiliyin e-qanun.az vahid elektron resursuna cari ildə daxilolmaların sayı təxminən 50% artaraq 5 milyona çatıb.
Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində 5,1 milyon notariat hərəkətinin aparıldığı, 262 mindən çox vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatına alındığı vurğulanıb. Vətəndaş məmnunluğu doğuran "Mobil notariat" tətbiqi istifadəçilərinin sayı 2 dəfə artaraq 900 minə çatıb.
Vətəndaşların pozulmuş hüquqlarının bərpasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası üzrə təsirli tədbirlər davam etdirilərək 570.000-ə yaxın sənədin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 940 milyon manata yaxın vəsait ödətdirilib.