Son 20 ildə görülən iqtisadi uğurları bir açıqlamada vermək fiziki olaraq mümkün deyil - Eldəniz Əmirov - ÖZƏL
25 Dekabr 2023 21:15 İqtisadiyyat"2023-cü ilin son statistikaları açıqlanmadığı üçün 2002-2022-ci illərin statistikaları üzrə baxsaq görərik ki, son 20 il ərzində ümumi daxili məhsul 6,2 milyard dollardan 78,7 milyard dollara qədər yüksəlib. "
Bu fikirləri iqtisadçı ekspert Eldəniz Əmirov Olaylar.az-a açıqlamasında bildirib:
"Bu da dörd dəfədən artıq bir artım deməkdir. Adambaşına düşən ÜDM eynilə 7,8 min dollara qədər yüksəlib. Qeyri-neft ÜDM-i də eynilə artırılıb. Ölkənin ticarət dövriyyəsi 2002-ci ildə 3,8 milyard dollar idisə, artıq 2022-ci ildə 52,2 milyard dollara yüksəlib.
Bu illər ərzində Bakı-Tblisi-Ceyhan neft boru kəməri, yəni qaz dəhlizi işə salınıb. Avropa ölkələri ilə yaşıl enerji sahəsində memorandum imzalanıb. Ərəb ölkələrin Azərbaycana külək və günəş enerjisinin istehsalı ilə əlaqəli layihələrdə bağlı investisiyası həyata keçirilib. Şərq-Qərb, Şimaç-Cənub dəhlizləri istiqamətində ciddi işlər görülüb. Orta dəhliz yaradılıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı inşa edilib. Ələt Azad İqtisadi Zonası yaradılıb. Bütün bunlar son 20 ildə qeyd etməli olduğumuz ən vacib detallardır.
Bu illər ərzində ölkə iqtisadiyyatına yönəldilən ümumi investisiyaların həcmi 310,4 milyard dollara çatıb. Əlavə olaraq da ən böyük uğurları biz son 3 ildə əldə etmişik. Buna isə ölkədə yeni iqtisadi rayonların yaradılmasını, eyni zamanda Böyük Qayıdışa dair dövlət proqramlarının qəbul olunmasını, bərpa işlərinə 12 milyarddan çox vəsaitin işlənməsini, böyük infrastruktur işlərinin görülməsini qeyd edə bilərik. Kənd təsərrüfatı təyinatları işğaldan azad olunmuş ərazilərdə artıq istifadəyə verilib ki, bu da son 20 ilin ən ciddi uğurlarından biridir.
Son 20 ildə görülən iqtisadi uğurları bir açıqlamada vermək fiziki olaraq mümkün deyil. "