Azərbaycan və Türkiyə azad edilmiş ərazilərdə 5 kiçik su elektrik stansiyasının bərpası üçün layihə hazırlayıb

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Azərbaycan və Türkiyə işğaldan azad edilmiş ərazilərdə 5 kiçik su elektrik stansiyasının bərpası üçün layihə hazırlayıb.

Olaylar.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə İnvestisiya Forumunun açılış mərasimində deyib.

Cabbarov qeyd edib ki, Azərbaycanda investorlar üçün layihələrdə iştirak etmək üçün imkanlar yaradılıb.

"Azərbaycanda investorlar üçün dövlət-özəl tərəfdaşlıq çərçivəsində Azərbaycan İnvestisiya Şirkətinin tərəfdaşı olduğu layihələrdə iştirak etmək üçün imkanlar yaradılıb. Bu çərçivədə Azərbaycan İnvestisiya Şirkəti Türkiyədən olan həmkarları ilə danışıqlar aparır və bu il işğaldan azad edilmiş ərazilərimizdə 5 kiçik su elektrik stansiyasının bərpası üçün layihə hazırlanıb", - o deyib.

Nazir Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyənin birinci yerdə olduğunu vurğulayıb.

"Bu, ölkələrimiz arasında investisiya tərəfdaşlığının inkişaf səviyyəsini əyani şəkildə göstərir. 1995-ci ildən 2023-cü ilin 6 ayı ərzində ölkəmiz Türkiyəyə 19,9 milyard dollar sərmayə qoyub. Sevindirici haldır ki, Türkiyə Azərbaycanın qeyri-neft-qaz sektoruna investisiya yatıran ölkələr arasında birinci yerdədir", - nazir qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycan-Türkiyə İnvestisiya Forumu başlayıb.

Forum çərçivəsində Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları nəzərdən keçiriləcək, investisiya üzrə əməkdaşlıq sazişi və müqavilələri imzalanacaq.

Tədbirdə hər iki ölkədən dövlət qurumları və özəl sektoru təmsil edən 600-dən çox nümayəndə iştirak edir.

Forum çərçivəsində investisiya, ticarət, kənd təsərrüfatı, müdafiə sənayesi, "yaşıl" enerji, sağlamlıq turizmi sektorlarını əhatə edən panel sessiyalar keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31