Bakıdan Təbrizə təyyarənin uçacağı vaxt açıqlandı

Bu gün saat 22:00-da "Azərbaycan Hava Yolları" (AZAL) şirkəti Bakı-Təbriz-Bakı birbaşa reysi ilə ilk uçuşu həyata keçirəcək. Bu barədə Lent.az-a AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli məlumat verib. Məhərrəm Səfərli bildirib ki, uçuşlar çərşənbə axşamı və cümə günləri olacaq, Bakıdan Təbrizə uçuş saat 22:00-da həyata keçiriləcək. Bakı-Təbriz-Bakı marşrutu üzrə aviabiletin qiyməti 187 manatdan başlayır. Bir tərəfə aviabiletin qiyməti isə 96 manatdır: "Təbriz şəhərinə uçuşlarımız Avropa istehsalı olan "ATR-42" tipli müasir təyyarələrlə yerinə yetiriləcək. Uçuşun müddəti 1 saat 25 dəqiqədir. Uçuş zamanı sərnişinlərə bort qidası və sərinləşdirici içkilər, habelə müxtəlif dövri mətbuat təklif ediləcək".
Qeyd edək ki, iyun ayında AZAL Bakı-Təbriz-Bakı birbaşa reysi ilə birbaşa uçuşların çərşənbə axşamı və şənbə günləri yerinə yetiriləcəyi barədə məlumat yaymışdı. Məhərrəm Səfərli Lent.az-a bildirib ki, uçuşların şənbə günü deyil, cümə günləri yerinə yetirilməsinə qərar verilib.
Xatırladaq ki, bu ilin yanvarın Təbriz-Bakı-Təbriz aviareysi açılıb. İranın "Kiş Air" şirkətinin təşkil etdiyi Təbriz-Bakı-Təbriz aviareysi ilə sonuncu uçuş may ayında olub. Uçuşlar həftə ərzində iki dəfə - çərşənbə axşamı və şənbə günlərində "Boinq-MD" təyyarələri ilə yerinə yetirilib. Aviareys üzrə bir tərəfə biletin qiyməti 89 manat, ikitərəfli gediş haqqı isə 175 manat təşkil edib və təyyarələr hər həftənin 2-ci və 6-cı günləri Təbrizdən saat 16.30-da, Bakıdan isə 18.45-də havaya qalxıb. Məhərrəm Səfərli İranın "Kiş Air" şirkətinin özəl şirkət olduğunu və uçuşları dayandırması barədə şirkətin özünün qərar verdiyini söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31