Azərbaycanda “Xalq artisti”nə 100 manat, “Əməkdar artist”ə 60 manat verilir

Maliyyə Nazirliyi Azərbaycanda "Xalq" və "Əməkdar" fəxri adı olan şəxslərin sayını və onlara dövlət başçısının sərəncamından sonra ödəniləcək aylıq təqaüdlərin miqdarını açıqlayıb.
Prezident İlham Əliyev avqustun 26-da fəxri adlara görə aylıq təqaüdlərin artırılması haqda sərəncam imzalayıb. Təqaüdün məbləği iki dəfə artırılaraq "Xalq" fəxri adı üçün 100 manat, "Əməkdar" fəxri adı üçün 60 manat müəyyən edilib.
Sentyabrın 5-də Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev "Media forum" saytına deyib ki, hazırda Azərbaycanda "Xalq" və "Əməkdar" fəxri adları olan 4600 nəfərə yaxın şəxs var. Onlara aylıq təqaüdlərin ödənilməsi üçün 2013-cü ilin 1 sentyabradək hər il 1 milyon 700 min manatdan çox vəsait yönəldilib. Prezident İlham Əliyevin fəxri adlara görə aylıq təqaüdlərin artırılması haqda sərəncamından sonra bu məbləğ iki dəfə artaraq 3 milyon 500 min manat olub.
Beləliklə, 2013-cü ilin sentyabrından Azərbaycanda "Xalq" və "Əməkdar" fəxri adı olan şəxslərin aylıq təqaüdlərinin ödənilməsi üçün hər il 3 milyon 500 min manat tələb olunacaq.
Maliyyə Nazirliyinin mətbuat katibi onu da qeyd edib ki, fəxri adlara görə aylıq təqaüdlərin artımı ilə bağlı həm 2013-cü ilin qarşıdakı dörd ayı, həm də 2014-cü il üçün maliyyə təminatı məsələsi öz həllini tapıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31