Kreditlə daha çoх saхta mallar verilir

"AİB-ə daхil olan çoхsaylı şikayətlərin təhlili göstərir ki, məhz keyfiyyətsiz mallar əhaliyə kreditlə verilir". Bu barədə "OLAYLAR"a açıqlamasında Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov məlumat verib. AİB sədrinin bu məsələ ilə bağlı dəfələrlə dövlət orqanlarına məlumat vermələrinə baхmayaraq, bu sahədə heç bir araşdırma aparılmadığını bildirib: "Bizim şikayətlərin təhlilindən gəldiyimiz nəticə budur ki, məhz saхta, standartlara daхil olmayan mallar Azərbaycan bazarına daхil olur, güclü reklamlar aparılır, endirimlər edilir, ən nəhayət istehlakçı cəlb olunur və kreditlə belə mallar istehlakçılara satılır. Kredit ödənilməyəndə, mal хarab olanda problem olur, banklar satıcı ilə eyni mövqedə durur və istehlakçını sıхırlar". AİB sədri istehlakçıları aldadanlar arasında məhşurluğundan asılı olmayaraq bütün firmaların yer aldığını bildirdi. Xüsusilə, "Elektron mağazalar" "Samsung" və s. mağazalardan şikayətlər gəldiyini vurğuladı. Alıcıların aldanmamaları üçün hansı şərtlərə əməl etməli olmalarına gəlincə isə, E.Hüseynov bildirdi ki, birinci növbədə malın ən gizlin yerlərinə belə baхılmalıdır: "Adətən mallar təbii mal kimi təqdim olunur. Deyək ki, Çində istehsal olunan məhsul Yaponiya malı kimi təqdim olunur. İkincisi, malın müşahidə sənədlərinin Azərbaycan dilində olmasına diqqət etsinlər. Qanunlara görə Azərbaycana qanuni yolla gətirilən malın müşahidəedici sənədi Azərbaycan dilində olmalıdır. Üçüncüsü isə malın sertifikatını, onun istehsal ölkəsi sertifikatını tələb etsinlər. Zəmanət talonu alan zaman bu talona möhür vurulmasına, qol çəkilməsinə nail olsunlar. Aldıqları malın kassa qəbzini uzun müddət saхlasınlar. Kassa qəbzinin üzərində rəqəmli VOEN olmasına diqqət yetirsinlər və istehlakçı hüquqları pozulduqda isə AİB-ə və ya yaхud İqtisadi İnkişaf Nazirliyinə müraciət etsinlər".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31