Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçən şirkətlərdən 3-ü müəssisələrinin inşasına başlayıb - Valeh Ələsgərov

Artıq Ələt Azad İqtisadi Zonasında bir neçə şirkət qeydiyyatdan keçib və onlardan 3-ü öz müəssisələrinin inşasına başlayıb.

Olaylar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.

O bildirib ki, 3 şirkət isə layihələndirmə işlərini başa çatdırmaq üzrədir.

Onun sözlərinə görə, həmin şirkətlər bu ilin sonu və ya gələn ilin əvvəli inşaat işlərinə başlayacaq. Eyni zamanda, başqa şirkətlərlə də danışıqlar aparılır.

Qeyd edək ki, bu gün Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Karabakh", 28-ci Azərbaycan Beynəlxalq İnşaat - "BakuBuild" və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu - "Aquatherm Baku" sərgilərini birləşdirən Xəzər İnşaat Həftəsi işə başlayır. Oktyabrın 19-dan 21-dək keçiriləcək sərgidə 23 ölkədən 391 şirkət iştirak edir. Bu isə ötən illə müqayisədə 20 faiz artım deməkdir.

Sərgilərdə Azərbaycan, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çexiya, Çin, Fransa, Böyük Britaniya, Niderland, Finlandiya, İspaniya, İtaliya, Qazaxıstan, Macarıstan, Özbəkistan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə, İran, Hindistan və digər ölkələrdən olan şirkətlər yer alır. Almaniya, Macarıstan, Özbəkistan və Rusiya milli və regional stendlərlə təmsil olunurlar.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31