Sahibkarlar üçün nəticəyönümlü tədbirlər təşkil olunur

2021-2023-cü illər ərzində DVX-nin Vergi siyasəti baş idarəsi tərəfindən sahibkarlarla 74 görüş təşkil olunub, aidiyyəti dövlət orqanlarının və ictimai təşkilatların keçirdiyi 96 görüşdə iştirak təmin edilib. Aidiyyəti funksional strukturların nümayəndələrinin iştirakı ilə sahibkarlarla keçirilmiş görüşlərin 40-ı bir neçə sahəni əhatə edən ümumi xarakterli, 48 görüş maliyyə, səhiyyə, təhsil, turizm, informasiya texnologiyaları, nəqliyyat və s. kimi fəaliyyət sahələrini əhatə edən xidmət sektoru, 30-u qida və içki məhsullarının, 15-i tekstil, tikinti materialları, qablaşdırma, mebel və s. kimi istehsal sahələri, 7-si ticarət, 5-i isə tikinti fəaliyyəti sahəsi üzrə olub. "Olaylar" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, görüşlərin təşkili məqsədilə statistik məlumatlar (sahədən asılı olaraq, tələbat, özünütəminetmə səviyyəsi və s.), habelə vergi uçot-baza məlumatlarına əsasən sahələrin göstəriciləri təhlil edilib, idxaldan asılılığın azalması, investisiya cəlb olunması üçün gözlənilən təşviq mexanizmləri barədə sahibkarlardan təkliflər alınıb. Bir sıra görüşlərdən sonra verilmiş təkliflərlə bağlı rəy və statistik məlumatların alınması məqsədilə ictimai təşkilatlar və sahibkarlarla könüllü sorğular keçirilib. Bütün bunlar sahiblarlıq mühitinin təkmilləşməsi üçün düzgün yol xəritəsinin müəyyənləşdirilməsinə xidmət edir. Vergi qanunvericiliyinin tətbiqi zamanı sahibkarların qarşısına çıxan çətinliklərin öyrənilməsi, bu istiqamətdə dövlət vergi orqanları ilə sahibkarlar arasında qarşılıqlı əməkdaşlığa əsaslanan münasibətlərin qurulması vergi siyasəti üzrə prioritet istiqamətlərdən biridir. Qanunvericiliyin ictimai münasibətlərin tələblərinə uyğunlaşdırılması və icra mexanizmlərinin effektivliyi əlverişli biznes mühitinin formalaşdırılması üçün böyük əhəmiyyət daşıyır. Bu baxımdan biznes təmsilçiləri ilə fəal əməkdaşlıq davamlı olacaq və müasir çağırışlara uyğun təkmilləşdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31