Azərbaycan 141 ölkə ilə ticarət əlaqəsi aparıb
4 Sentyabr 2013 17:17 İqtisadiyyatAzərbaycan Respublikasının xarici ticarət dövriyyəsi 2013-cü ilin yanvar-iyul aylarında statistik məlumatlara əsasən 25,4 milyard ABŞ dolları təşkil edib ki, onun 19,2 milyard dollarlıq hissəsi ixracın, 6,2 milyard dollarlıq hissəsi idxalın hesabına yaranıb. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, bu dövr ərzində dünyanın 141 ölkəsi ilə ticarət əlaqəsi aparılıb, 96 ölkəyə əmtəə ixrac olunub, 130 ölkədən idxal olunub. Xarici ticarət dövriyyəsi iştirakçılarının 27-si Amerika, 49-u Avropa, 38-i Asiya və s. ölkələridir.
İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 9,9 faiz artıb.