Azərbaycanda elektron imzalanmış sənədlərin xaricdə təqdim edilməsi mümkün olacaq
11 Oktyabr 2023 11:55 İqtisadiyyatMəlum olduğu kimi bu günlərdə Türkiyədə Türk dünyası dövlətləri arasında yeni birlik - Notariat Birliyinin yaradılması haqqında müvafiq Anlaşma Memorandumu imzalandı. Maraqlıdır, aparılan notariat əməliyyatları türk ölkələrində eyni hüquqi qüvvəyə malik olacaqmı, yəni, istənilən notariusda təsdiq edilən hazır sənədi digər türk dövlətlərində əldə etmək mümkündürmü? "Olaylar"ın məlumatına görə, Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəisi İlqar Məmmədov bildirib ki, bu gün ölkəmizin notariatının imkanları ən yüksək standartlara cavab verir: "Bu sahədə tətbiq edilən qabaqcıl həllər və müasir avadanlıq vasitəsilə notariuslar müxtəlif notariat hərəkətlərini elektron qaydada rəsmiləşdirmək imkanına malikdirlər. Hər hansı hazır notariat sənədinin bilavasitə digər türk ölkələrin notariat qurumlarında əldə olunmasına gəlincə, notariuslar arasında qurulan bu yeni əməkdaşlıq formatında mövcud olan informasiya sistemlərinin inteqrasiya hesabına şəbəkənin yaradılması və notariat sənədlərinin Birliyin üzvü olan dövlətlərin notariat ofislərində əldə edilməsi məsələsinə gələcəkdə baxıla bilər.
Hazırda isə ölkəmizdə notariat ofislərində təsdiq olunan sənədlər innovativ brendimiz olan "Mobil notariat" vasitəsilə əldə olunur. Geniş populyarlığa malik və yüksək məmnunluq doğuran bu tətbiq vasitəsilə insanlarımız dünyanın istənilən yerində, o cümlədən türk dövlətlərində müxtəlif növ notariat xidmətlərindən fasiləsiz rejimdə mobil telefonları ilə yararlana bilirlər.
Ölkəmizdə investisiya mühitinin əlverişliyinin artırılması məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən xarici sənədlərin məsafədən tərcümə edilməsi və notariat qaydasında rəsmiləşdirilərək aidiyyəti orqana təqdim edilməsi elektron xidməti hazırlanmış və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Elektron xidmətlərin genişləndirilməsi çərçivəsində Azərbaycanda elektron imzalanmış sənədlərin xaricdə təqdim edilməsini mümkün edəcək elektron apostil proqramının da istifadəyə verilməsi nəzərdə tutulur".