Sahibkarlar da sığorta ödənişlərini “Hökumət Ödəniş Portalı” vasitəsilə həyata keçirəcəklər

Mərkəzi Bankda "Hökumət Ödəniş Portalı"nın yaradılması istiqamətində işlər müvəffəqiyyətlə davam etdirilir. Mərkəzi Bankdan "Olaylar"a verilən məlumata görə, keçən dövr ərzində Vergilər və Maliyyə nazirlikləri, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin daxili informasiya sistemləri "Hökumət Ödəniş Portalı"nın infrastrukturuna inteqrasiya olunub.  Layihə üzrə işlərin icrasının davamı olaraq Dövlət Sosial Müdafiə Fondunun daxili informasiya sisteminin "Hökumət Ödəniş Portalı"na inteqrasiya olunması uğurla başa çatdırılıb. Bununla da sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlərin ödənişlərinin "Hökumət Ödəniş Portalı"nın infrastruktur imkanlarından istifadə edilməklə qəbul edilməsinə başlanılıb. Hal-hazırda mərkəzləşdirilmiş xəzinə hesabı ilə iş rejiminə keçmiş Bakı, Sumqayıt, Abşeron, Gəncə, Ağcəbədi, Beyləqan, Biləsuvar, Bərdə, Cəlilabad, Göyçay, İsmayıllı, Kürdəmir, Lənkəran, Qəbələ, Şamaxı, Şirvan, Xaçmaz və Yevlax regionları üzrə 125 minə yaxın sığortaedən haqqında məlumat sistemin mərkəzi informasiya bazasına yüklənmişdir. Növbəti mərhələlərdə Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin və digər hökumət qurumlarının da daxili informasiya sistemləri "Hökumət Ödəniş Portalı"na inteqrasiya olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31