Yeni qanun nə vəd edir? - EKSPERT
Sahibkarların fəaliyyətinə yersiz müdaxiləyə son qoyula bilər
3 Sentyabr 2013 15:44 İqtisadiyyatSahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu 28 avqust 2013-cü il tarixli Prezident fərmanı ilə quvvəyə minib. Qanun yoxlamaların təyin edilməsində yeni metod tətbiq edərək sahibkarların fəaliyət göstərdikləri sahələrə uyğun olaraq risk qruplarına ayırır. Qanuna əsasən, sahibkarlıq subyektlərinin yoxlayıcı orqan tərəfindən risk qrupları üzrə bölüşdürülməsi və təyin edilən yoxlamaların periodikliyinin bu qrupların xüsusiyyətlərinə görə aparılmalıdır. Bəs, sözügedən qanunun ölkədə sahibkarlığın inkişafına hansı təsiri olacaq?
İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, qanuna əsasən sahibkarlar yüksək, orta və aşağı risk qrupları kimi üç müxtəlif qrupa daxil ediləcək. Sənədin müsbət tərəflərindən biri də sahibkarların risk qruplarına ayrılması zamanı "faiz tavanları"nın nəzərdə tutulmasıdır. Yüksək risk qrupuna daxil olan sahiblarlar ümumi sahibkarların 10%-dən, orta risk qrupu isə 30%-dən yuxarı ola bilməz. Bu isə o deməkdir ki, sahibkarların minimum 60%-i aşağı risk qrupuna daxil olacaq ki, bu da ölkədə kicik sahibkarlığın fəaliyyətinə yersiz müdaxilələrə son qoya bilər. Yeyinti məhsullarının təhlükəsizliyinə nəzarət istisna olmaqla digər yoxlayıcı orqanlar tərəfindən təyin edilən yoxlamalar yüksək risk qrupu üçün ildə bir dəfədən cox, orta risk qrupu üçün iki ildə bir dəfədən çox və aşağı risk qrupları üçün isə üç ildə bir dəfədən çox olmayaraq təyin edilməlidir. Belə olan halda isə ölkədə fəaliyyət göstərən sahibkarların ən azı 60 faizi 3 ildə 1 dəfə yoxlanılacaq: "Fərmana əsasən, Nazirlər Kabinetinin xüsusi meyarlar hazırladığını nəzərə alaraq, fikrimcə, risk qrupları formalaşdırılan zaman sahibkarlıq subyektlərinin illik dövriyyələri də nəzərə alınsın. Yeyinti sənayesi istisna olmaqla sadələşdirilmiş vergi dövriyyəsinə malik olan bütün sahibkarlıq subyektlərinin aşağı risk qruplu kateqoriyaya daxil edilməsi məqsədə uyğundur". Onun sözlərinə görə, qanuna əsasən, yoxlamalar zamanı üzə çıxan nöqsanlar, bu nöqsanlara görə tətbiq edilən məsuliyyət tədbirlərinin sayı, cərimələrin və maliyyə xarakterli digər sanksiyaların məbləği yoxlayıcı orqanın, yoxlayıcının və digər əməkdaşların fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün meyar hesab edilməyəcək. Bu isə əslində qanunun dövlət qurumlarının sahibkarlıq subyektlərinə cərimələr yazmamasına təşviq etməsi kimi qiymətləndirilməlidir: "Sənədin pozitiv tərəflərindən biri yoxlayıcı dövlət qurumları əməkdaşlarının sahibkarların fəaliyyətində hər hansı qanunsuzluqlar aşkar etdiyi zaman sanksiyalar tətbiq edə bilməməsidir. Bu praktik olaraq müfəttişlərin sahibkarlara inzibati təzyiq imkanlarını minimuma endirir. Bu baxımdan, fikrimcə, hər bir yoxlayıcı qurumun yanında məsləhət və ekspert şuraları formalaşdırılsın və sanksiya tələb edən yoxlamaların nəticələri həmin quruma təqdim ediləsin və sanksiyaların tətbiqi ilə bağlı qərar da sözügedən şuranın səlahiyyətində olsun. Həmin şuralar ekspertlər və müvafiq sahə üzrə alimlərdən formalaşdırılması daha məqsədəuyğundur". Ekspert qeyd edib ki, yeni qanunda yoxlayıcı təmsil etdiyi yoxlayıcı orqanın nəzarət sahəsinə aid olmayan məsələləri yoxlaya və həmin məsələlərlə bağlı materiallarla tanış ola bilməz. Bu da müfəttişlərin sahibkarların fəaliyyətinə yersiz müdaxilə imkanlarını məhdudlaşdırır: "Fikrimcə, inkişaf etmiş ölkələrdə olduğu kimi elektron bazada sahibkarlıq fəaliyyətinin yoxlanması ilə bağlı vaxt və müddət ilə yanaşı eyni zamanda sahibkardan baxılmaq üçün tələb edilən sənədlərin siyahısı əks etdirilsin. Həmçinin, həmin bazada hər bir sahibkarın elektron kabinetinin yaradılması və sözügedən sahibkarın faəliyyəti ilə bağlı yoxlama və yoxlamanın nəticələri haqda bütün məlumatlar daxil edilsin. Elektron kabinetə giriş imkanı yalnız sahibkara verilsin. Qanundakı maddələrin əksəriyyəti dövlət qurumlarının deyil, birbaşa sahibkarların müdafiəsinə ünvanlanıb. Bu baxımdan, qanunun icrasına ciddi nəzarətin həyata keçirilməsi lazımdır. Bu məqsədlə də qanunun icrasına müstəqil nəzarət üçün xüsusi şuranın formalaşdırılması məqsədəuyğun hesab edilə bilər".
Alim