Əmək haqlarının artması qiymətlərə necə təsir edəcək? - AKTUAL
Dünya bazarında baş verən bahalaşma qiymət artımını qaçılmaz edir
2 Sentyabr 2013 16:53 İqtisadiyyatPrezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Dövlət başçısı əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıb ki, minimum aylıq əməkhaqqının məbləği 2013-cü il sentyabrın 1-dən 105 manat müəyyən edilsin. Ölkə başçısının digər sərəncamları ilə dövlət orqanlarında şalışan müxtəlif kateqoriyalı şəxslərin də əmək haqları müvafiq olaraq artırılıb. Əvvəla onu qeyd edək ki, ölkədə minimum əmək haqqının artırılması istər-istəməz özəl struktura da sirayət edəcək. Daha dəqiq, vətəndaşların hansı strukturda çalışmasından asılı olmayaraq aldığı əməkhaqqı minimum aylıq əmək haqqından aşağı olmayacaq. Bu isə o deməkdir ki, ölkədə pul kütləsinin artması məhsullarım qiymətinə də təsirsiz ötüşməyəcək. Məlumat üçün qeyd edək ki, artıq ölkədə sünii qiymət artımının əlamətləri sezilməkdədir. Belə ki, ilin əvvəlindən başlayararaq Azərbaycanda ərzaq və qeyri-ərzaq mallarının qiymətində artım müşahidə edilməkdədir. Hazırda da bütün növ məhsulların qiymətlərində artım əlamətləri mövcuddur. Xüsusən, ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətində baş verən artım əhalinin gəlirlərinə mənfi təsir edib. Məsələ orasındadır ki, bu bahalaşma əhalinin aylıq gəlirləri ilə tərs mütənasibdir. Əhalinin gəlirləri ilə əlaqədar olaraq pul kütləsi o səviyyədə artmayıb ki, bahalaşma üçün zəmin yaransın. Mərkəzi Bankın məlumatına görə, ötən ay ölkədə infilyasiyanın həddi 2,2 faizdən artıq olmayıb və bu göstəricinin artımı gözləniləın deyil. Belə halda bazarlarda qiymətlərin artmasına hansı amillər təsir edir?
Ekspertlərin fikrincə, ərzaq məhsullarının qiymətində bu qədər artımın baş verməsi heç də müsbət hal deyil. Çünki, infilyasiyanın sürətlə artması əhalinin müflisləşməsi, iqtisadi tənəzzülün sürətlənməsi ilə nəticələnə bilər. Məsələ orasındadır ki, ölkədə baş verən qiymət artımının səbəbləri heç də iqtisadi amillərlə bağlı deyil. Qiymət artımının ilkin şərti kimi subyektiv amillər göstərilir ki, belə amillərin sayi kifayət qədərdir. Özü də həmin amillər sadə vətəndaşlardan tutmuş hökumət üzvlərinə qədər hamıya bəllidir. Məsələn, qiymət artımına təsir edən ən önəmli amil inhisarçılıqdır ki, uzun müddətdir ki, ölkədə bunun qarşısını almaq problemə çevrilib. Adi bir araşdırma aparmaq kifayət edir ki, inhisarçılığın qiymət artımına təsiri üzə çıxsın. Kiçicik bir araşdırma zamanı bəlli oldu ki, mövsümi məhsullardan olan qarpızın qiyməti regionlardan paytaxt bazarlarına gətirilənə qədər ən azı on dəfə artıma məruz qalır. Yerli fermerlər sahədə qarpızın bir kiloqramını 5 qəpiyə təklif etdikləri halda, bu növ məhsul bazarlarda 40-50 qəpiyə satılır. Yaxud, kartof, soğan yerlərdə sahibkarlar tərəfindəm 15-20 qəpiyə təklif olunduğu halda, respublikanın iri şəhərlərində 70-80 qəpiyə satılır. Məsələ orasındadır ki, belə hallar müvafiq qurumların gözü qarşısında baş verir, lakin cavabdeh orqanların nümayəndələri vətəndaşları aldatmaqla məşğuldur. Fikrimi konkret bir faktla əsaslandırmaq yerinə düşərdi. Mövsümı məhsullardan olan əncir bazarlarda bir manata satılırdı. Bir az irəli düşmək məqsədilə kənd təsərrüfatı yarmarkasının təşkili gününü gözləməli olduq. Lakin yarmarkada tamamilə gözlədiyimizin əksi ilə üzləşdik. Belə ki, bazarlarda bir manata təklif olunan əncir yarmarkada 1,20 manata satılırdı. Eyni vəziyyət digər kənd təsərrüfatı məhsulların qiymətində də müşahidə olunurdu. Axşam xəbərlərində isə Kənd Təsərrüfatı Nazirliyininn nümayəndəsi gözünü qırpmadan məlumat verdi ki, yarmarkalarda məhsullar bazarlarla müqayisəfə 20-30 faiz ucuz qiymətə satılır. Hətta bu qənaətə guya bazarlarda apardıqları monitorinqlərin nəticəsində gəldiklərini bəyan etməkdən belə çəkinmədi. Bu kimi faktlar deməyə əsas verir ki, ya bu sahəyə nəzarət edən qurumlar öz vəzifələrini layiqincıə icra etmək iqtidarında deyillər, ya da hər şeydən hali olmalarına baxmayaraq əhalni aldatmaqla məşğuldurlar. Nəzərə almaq lazımdır ki, cari ildə ölkədə havanın sabit keçməsilə əlaqədar kifayət qədər kənd təsərrüfatı məhsulu istehsal edilib. Üstəlik Rusiyaya məhsul aparılmasının çətinləşməsi səbəbindən istehsal olunan məhsulun əksər hissəsi daxili bazara çıxarılır. Lakin buna baxmayaraq qiymətlər artmaqda davam edir.
Deməli, ərzaq məhsullarının qiymətində baş verən artımın səbəblərini aşkara çıхarmaq və bu səbəbləri aradan qaldırmaq yollarını müəyyən etmək üçün hansısa iqtisadi islahatların aparılmasına ehtiyac duyulmur. Sadəcə iqtisadi və inzibati tədbirlərin gücləndirilməsi kifayətdir ki, daхili bazarda qiymətlərin sabit saхlanması təmin edilsin. Yalnız belə halda ölkədə qiymət artımının qarşısını almaq və artan əmək haqqının vətəndaşların digər tələblərinə yönəldilməsinə nail olmaq mümkündür. Nəzərə almaq lazımdır ki, Azərbaycan vətəndaşları gəlirlərinin 70 faizindən artığını ərzaq məhsullarına хərcləyirlər. Ancaq nədənsə, aidiyyati orqanlar müvafiq tədbirlər görmək əvəzinə inhisarşılığın daha genişlənməsinə şərait yaradırlar. Nəzərə alsaq ki, Suriya hadisələri ilə əlaqədar dünya bazarında neftin və qızılın qiymətinin artması ərzaq məhsullarına təsirsiz ötüşməyəcək, o halda qabaqlayıcı tədbirlərin görülməsi zərurəti yaranır.
Alim