Ölkədə yaradılan sənaye parkları azad və liberal sahibkarlığın formalaşmasında müstəsna rol oynayır
22 Sentyabr 2023 11:47 İqtisadiyyatİstiqamət: azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
Azərbaycan iqisadi inkişaf tempinə görə, regionda liderliyi qoruyub saxlayıb, dünya ölkələri sırasında isə ön yerlərdən birində qərarlaşıb. Etiraf edilməlidir ki, bunun üçün ölkəmizin kifayət qədər iqtisadi resursları və qanunvericilik bazası mövcuddur. Ölkədə həyata keçirilən şaxələndirilmiş iqtisadi siyasət və sahibkarlığın inkişafı üçün yaradılan şərait bu uğurun əldə edilməsinə imkan yaradıb. Elə hazırda həyata keçirilən Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası buna bariz nümunədir. Belə ki, ölkəmizin sosial-iqtisadi inkişaf Strategiyası üzrə tədbirlərin reallaşdırılmasının dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafa nail olunmasında bu kimi layihələrin rolu danılmazdır. Sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycanda azad sahibkarlıq və liberal iqtisadiyyatın inkişafının əsasları ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ölkənin iqtisadi inkişafının məhz liberal bazar iqtisadiyyatının təmin olunması və azad sahibkarlığın inkişafında görən Ulu öndərin iqtisadi strategiyasını davam etdirən prezident İlham Əliyev sahibkarlığın təşəkkülü və inkişafı istiqamətində bütün lazımi tədbirlərin həyata keçirilməsinə nail olub. Belə ki, ölkə başçısının 30 aprel 2001-ci il tarixli fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin yaradılması sahibkarlığın inkişafına dövlət köməyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını qoyub və sahibkarlığın inkişafını ümumi iqtisadi inkişafın tərkib hissəsinə çevirib. Ölkədə sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına kömək göstərmək, onlara maliyyə dəstəyi vermək məqsədilə Sahibkarlığa Kömək Milli Fondu yaradılıb. Sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycanda dünya təcrübəsinə uyğun hüquqi baza yaradılıb. Ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədi ilə ölkə başçısı tərəfindən "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalanıb. Sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş dövlət proqramlarının da bu sahənin inkişafında xüsusi rolu olub. Kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirib. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə sahibkarlığın inkişafı istiqamətində Strateji Xətt uğurla davam etdirilir.
Xüsusilə qeyd edilməlidir ki, ölkədə yaradılan sənaye parkları azad və liberal sahibkarlığın formalaşmasında müstəsna rol oynayır. Məlumat üçün qeyd edək ki, sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Ölkəmizdə sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 yanvar tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılmışdır. Agentliyin yaradılmasının əsas məqsədi sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlamaq, həyata keçirilməsini təmin etmək, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərini həyata keçirtməkdir.
Onu da qeyd edək ki, sahibkarlığın inkişafına xüsusi təsir imkanı olan sənaye parklarının yaradılması işğaldan azad olunmuş ərazilərimizdə də reallaşdırılmaqdadır. İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqinin xüsusi əhəmiyyəti nəzərə alınaraq, dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə Ağdam şəhərində 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılmışdır. Hazırda Ağdam Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir və artıq Sənaye Parkında sosial zonanın təşkili yekunlaşmış və parka ayrılmış 190 hektar ərazi minalardan təmizlənmiş, elektrik enerjisi və su təchizatı sistemi qurulmuşdur. Həmçinin rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılmış, əraziyə asfalt yol çəkilmiş, abadlıq işləri aparılmışdır. Artıq 17 sahibkara sənaye parkının rezidenti statusu verilib.
Həmçinin, işğaldan azad edilmiş ərazilərdə logistika və ticarət fəaliyyətinin həyata keçirilməsi, xidmətlərin göstərilməsi, sənaye istehsalının dəstəklənməsi və əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 oktyabr tarixli 1453 nömrəli Fərmanına əsasən Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı yaradılmışdır. Sənaye Parkı azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri üzrə logistika mərkəzi funksiyasını və Zəngəzur dəhlizi üzrə nəqliyyat potensialından səmərəli istifadə olunması üçün logistik baza rolunu yerinə yetirəcəkdir. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında da işlər mərhələli şəkildə həyata keçirilir. "KamAZ" ASC ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzi olan "Avto Lizinq Azərbaycan" MMC "Yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına texniki servis xidmətlərinin göstərilməsi" layihəsi üzrə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının rezidenti kimi qeydiyyata alınmışdır. Regional servis mərkəzində "KamAZ" ilə yanaşı digər yük avtomobilləri, eləcə də kənd təsərrüfatı texnikalarına, o cümlədən traktor və kombaynlara texniki servis xidməti göstəriləcəkdir. Gələcəkdə Sənaye Parkında logistika və anbar kompleksləri, TİR parkı, topdan və pərakəndə satış obyektləri və müxtəlif istehsal və xidmət müəssisələrinin fəaliyyəti nəzərdə tutulur. Sənaye Parkının konseptual planı hazırlanmış və sənaye parkı üçün ayrılmış 200 hektar ərazidə mina və partlamamış hərbi sursatlardan təmizləmə işləri tamamlanmışdır. Sənaye Parkının konseptual planı hazırlanmış və mobilizasiya şəhərciyi üçün konteyner tipli yataqxana, yeməkxana, anbar, ərzaq mağazası, ofis, bərbərxana, aptek və tibb məntəqəsi tam quraşdırılmışdır. Artıq 5 sahibkara sənaye parkının rezidenti statusu verilib.
Xatırladaq ki, 2023-cü ilin I yarımili ərzində Sumqayıt Kimya Sənaye Parkında 4, Pirallahı Sənaye Parkında 2, Ağdam Sənaye Parkında 5, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında 3 olmaqla cəmi 14 müəssisəyə rezident, Ağdam Sənaye Parkında 1 müəssisəyə isə qeyri-rezident statusu verilmişdir. Hal-hazırda Sumqayıt Kimya, Mingəçevir, Qaradağ, Pirallahı və Balaxanı sənaye parklarında fəaliyyət göstərən rezidentlərin sayı 42-yə çatmışdır. Göründüyü kimi, təkcə respublikanın mərkəzi şəhərlərində deyil, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə sahibkarlığın inkişafı üçün münbit şərait yaradılıb.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.