Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri
cənab Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə səfərdə olmuşdur
30 Avqust 2013 18:37 İqtisadiyyat28-29 avqust 2013-cü il tarixlərində Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri cənab Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Avropa İttifaqının (Aİ) Genişlənmə və Avropa Qonşuluq siyasəti üzrə Komissarı Ştefan Fülenin dəvəti əsasında Brüsseldə səfərdə olmuşdur.
Səfər zamanı cənab Ş.Mustafayev Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin Nəqliyyat üzrə Komissarı S.Kallas, Aİ-nin Qonşuluq və Genişlənmə siyasəti üzrə Komissarı Ş.Füle və Avropa İnkişaf Bankının (AİB) vitse-prezidenti V.Moltererlə görüşlər keçirmişdir.
Ş.Mustafayev Aİ-nin Nəqliyyat üzrə Komissarı S.Kallasla görüşdə Azərbaycanda və regionda həyata keçirilən nəqliyyat layihələri barədə ətraflı məlumat verərək, Bakı-Tbilisi- Qars dəmiryolu layihəsinin əhəmiyyətini vurğulamış və Cənubi Qafqaz regionunda regional əməkdaşlığın inkişafının bariz nümunəsi olduğunu bildirmişdir. Ş.Mustafayev tam regional inkişafın və əməkdaşlığın yalnız Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsindən sonra mümkün ola biləcəyi fikrini həmsöhbətinin diqqətinə çatdırmışdır.
Komissar Kallas Azərbaycanın mürəkkəb coğrafi məkanda yerləşdiyini çox yaxşı anladığını və ölkənin bölgədə sabitləşdirici rol oynadığını qeyd edərək, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin Aİ tərəfindən dəstəkləndiyini bildirmiş və bu mühüm regional nəqliyyat layihəsinin məhz bölgənin sülh və təhlükəsizliyinə töhfə verəcəyini xüsusilə vurğulamışdır.
Komissar Füle ilə görüşdə Azərbaycan Respublikası ilə Aİ arasında əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanlarına dair geniş fikir mübadiləsi aparılmışdır. Ştefan Füle Azərbaycanın Aİ üçün müstəqil və etibarlı tərəfdaş olduğunu vurğulamış, Aİ tərəfindən ölkəmizin suverenliyi və ərazi bütövlüyünün dəstəkləndiyini qeyd etmişdir.
Ş.Füle Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin iyun ayında Brüsselə səfərini yüksək qiymətləndirərək, bu səfərin Aİ-Azərbaycan münasibətlərinin bir sıra strateji istiqamətlər üzrə inkişafına verdiyi töhfəni xüsusilə vurğulamışdır.
Görüş zamanı Şahin Mustafayev Avropa İttifaqı ilə əməkdaşlığın ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd etmiş, Avropa Birliyi ölkələrinin Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların həcminə görə öncül yer tutduğunu və ölkəmizin əsas xarici ticarət tərəfdaşı olduğunu bildirmişdir. İqtisadi inkişaf naziri, həmçinin, regiondakı siyasi-iqtisadi vəziyyət barədə geniş məlumat vermiş, regionun gələcək inkişafının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməsindən asılı olduğunu vurğulamışdır.
Görüş zamanı İqtisadi İnkişaf naziri cənab Ş.Mustafayev və Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Komissarı Ş.Füle tərəfindən Aİ - Azərbaycan 2012-ci il Fəaliyyət Planı üzrə Maliyyələşdirmə Sazişi imzalanmışdır.
Ş.Mustafayev Brüsselə səfəri çərçivəsində eyni zamanda Avropa İnkişaf Bankının (AİB) vitse-prezidenti V.Moltererlə də görüşmüş və Azərbaycan Respublikası ilə Avropa İnkişaf Bankı arasında gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparmışdır.
AİB-in vitse-prezidenti ilə görüşün sonunda Azərbaycan Respublikası ilə Avropa İnkişaf Bankı arasında AİB-in Azərbaycanda fəaliyyətini tənzimləyən Çərçivə Sazişi imzalanmışdır.