Sahibkarlara əngəllər aradan qaldırılır
Zahid Məmmədov: “Xüsusi dövlət proqramı çərçivəsində sahibkarlar bu gün regionun digər dövlətlərindən fərqli olaraq ən müasir texnologiyalardan istifadə edirlər”
30 Avqust 2013 16:51 İqtisadiyyat"Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb. Fərmanda deyilir: "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin: 1. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə"nin 2.1-ci bəndinə "inkişafına" sözündən əvvəl "informasiya-kommunikasiya texnologiyaları sahəsində sahibkarlıq istisna olmaqla" sözləri əlavə edilsin; 2. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"nın 2.1-ci bəndinə "sahələrdə" sözündən sonra "informasiya-kommunikasiya texnologiyaları sahəsi istisna olmaqla" sözləri əlavə edilsin".
Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru Zahid Məmmədov bildirdi ki, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin genişləndirilməsi üçün Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində sahibkarlıqla məşğul olan işadamlarına dövlət tərəfindən maliyyə dəstəyi göstərilir:
"Son 10 ildə Azərbaycanda sahibkarlığın inkişafı ilə əlaqədar atılmış addımlar təqdirəlayiq haldır:
- Ayrı-ayrı rayonlarda kiçik və orta ölçülü sahibkarlara verilən güzəştli kreditlər, onların müvafiq texnoloji avadanlıqlarla təmin olunması üçün ayrılan vəsaitlər yüksək qiymətləndirilir. İqtisadiyyatın əsas lokomitivi sahibkarlıq və vergi ödəyicisi işadamlarıdır. Xüsusi dövlət proqramı çərçivəsində sahibkarlar bu gün regionun digər dövlətlərindən fərqli olaraq ən müasir texnologiyalardan istifadə edirlər. Fondun fəaliyyətinin təkmilləşdirilməsi isə ən zəruri məsələlərdən biri idi. Prezidentin bu sərəncamı vaxtında atılmış addımdır. Gələcəkdə də İlham Əliyevin bu təşəbbüsü iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək. Sərəncam prezidentin bu sahəyə göstərdiyi xüsusi qayğının təzahürüdür. İstər regionlarda, istərsə də Bakı şəhərində fondun fəaliyyəti özünü müsbət tərəfdən göstərəcək. Azərbaycanlı sahibkarlar artıq öz sahələrində lazımi nəticələri əldə edə bilirlər:
"Azərbaycan Cənubi Qafqaz regionunun ən böyük sahibkarlıq məhsulları ixrac edən dövlətidir:
- Dövlət nəinki daxildə, hətta ölkədən kənarda fəaliyyət göstərən azərbaycanlı sahibkarlara kömək etmək gücünə sahibdir. Lazım gələrsə Azərbaycan bu istiqamətdə istənilən addımı atmağa hazırdır. Sahibkarlığa Kömək Milli Fondunun xarici dövlətlərdə də nümayəndəliklərinin açılması da mümkündür və bu məqsədəuyğun hal hesab edilərdi. Azərbaycanda sahibkarlıq dinamik inkişaf tempinə malikdir. Bunun üçün ölkənin kifayət qədər güclü imkanları var. Artıq sahibkarlıqla məşğul olan ayrı-ayrı fərdlərin investisiya təhlükəsizliyi təmin olunub. Banklarda heç bir maliyyə böhranı yoxdur, sahibkarlara kreditlərin verilməsində ortada olan kiçik əngəllər də həll edilib. Cənab prezident dəfələrlə çıxışlarında sahibkarlıqda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində göstərişlər verib. Bu yöndə olan problemlər də artıq öz həllini tapmaq üzrədir".
Ömər Zamin