“Ulduz-55”MMC 894 litr saxta mineral süfrə suyu məhv edildi
2 İyul 2012 18:18 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, S.Ə.Şirvani küçəsi, 100 ünvanında "Ulduz-55" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı qazlı və qazsız suların reseptura olmadan istehsal edildiyi, məhsulun etiketində suyun mənbəyi "Gədəbəy rayonu, Slavyanka kəndi" göstərildiyi halda həmin suların qeyd edilən mənbədən olmadığı, habelə istehsal edilən məhsulların laborator müayinədən keçirilmədən satıldığı aşkar edilmişdir.
Bundan başqa, yoxlama zamanı suların etiketlərində məhsulun istehsalında istinad olunan standartın nömrəsi, məhsulun istehsal tarixi barədə məlumatların qeyd edilmədiyi müəyyən olunmuşdur.
Müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilmişdir.
Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən "Gədəbəy Tur" əmtəə nişanlı mineral süfrə sularının tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) olduğu aşkar edilmişdir.
Laborator müayinələrin nəticələrinə əsasən, istehlaka yararsız 894 litr mineral süfrə sularının qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən "Ulduz-55" MMC-yə icrası məcburi göstəriş verilmişdir.
Qeyd edilən 894 litr mineral süfrə suyu Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilmişdir.
İstehsal olunan məhsulların markalanmasında istehlakçıların çaşdırılmasına səbəb olan məlumatlardan istifadə etməklə haqsız rəqabətə yol verdiyinə görə "Ulduz-55" MMC barəsində Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.