“Taxıl sazişi”: Un və çörək bahalaşacaq? - Açıqlama
18 İyul 2023 13:00 İqtisadiyyatRusiyanın "Taxıl sazişi"nin uzadılmaması barədə qərarı qiymətlərin artmasına səbəb olub.
Belə ki, dünya bazarında taxılın qiyməti 3 faizdən çox bahalaşıb. Çikaqo birjasında sentyabr fyuçersləri üzrə 1 buşel buğdanın qiyməti 3,37 faiz artaraq 6,84 dollara çatıb.Qarğıdalının dekabr fyuçersləri üzrə qiyməti isə 2,31 faiz artaraq 5,26 dollar olub.Taxılın dünya bazarında bahalaşması Azərbaycana da təsir göstərəcək? Mövcud qiymətlər artmaqda davam edəcəkmi? Mövzu ilə bağlı iqtisadiyyatçı Xalid Kərimli Bakupost.az -a açıqlamasında qiymət artımlarının Azərbaycana ciddi təsir göstərməyəcəyini deyib:
"Taxıl sazişi"nin dayandırılması qiymətin 2022-ci ildəki kimi sürətlə artmasına gətirib çıxarmayacaq. İyun ayında taxılın qiymətinin 2-3 faiz ucuzlaşdığını müşahidə etdik. Sazişin dayandırılması sadəcə bu ucuzlaşmanın davam etməsinə mane olacaq. Yəni, iyul ayındakı dəyişimlər iyun ayındakı enişi kompensasiya edə bilər. Biz birjalardakı günlük dəyişimləri 6-9 ay ərzində hiss edirik. İndiki dəyişiklik hələ ki bizi narahat etməli deyil".
Onun sözlərinə görə, Ukrayna taxılının dünya bazarına çıxarılması çətinləşsə də, digər ölkələrin taxıl istehsalında yüksəliş yaşanır:
"Taxıl koridorunun bağlı olması Ukrayna taxılının dünya bazarına çətinliklə çıxarılmasına səbəb olacaq. Lakin tamamilə bazara çıxarılmayacağı demək deyil. Çünki quru sərhədlər var. Taxıl Polşa və Rumıniya üzərindən Avropaya daşınır. Bir sıra problemlər var. Bu məsələ gəmi daşımalarındakı kimi asan deyil, həcmə təsir edəcək. Qiymətlərin artmasına səbəb olacaq. Lakin müsbət xəbərlər də var. Artıq Rusiya və Braziliyanın taxıl istehsalı da çoxalıb. Məhsuldarlıq artıb. Dünya bazarına daha çox taxıl çıxarırlar".