Post-terminallarla ödəniş artır
24 Aprel 2012 15:42 İqtisadiyyat"Əhali ilə nağdsız hesablaşmaların aparılması istiqamətində görülən işlərin qısa müddət ərzində başa çatdırılması məqsədilə bu işə əlavə qüvvələr cəlb edilib. Pos-terminalların quraşdırılması ilə bağlı Vergilər Nazirliyinə həvalə olunmuş əsas vəzifə, yəni qeydiyyat məsələlərinin ən qısa zamanda həlli məqsədilə də bütün zəruri işlər görülüb. "Olaylar"ın ictnews elektron xəbər xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri, baş vergi xidməti müşaviri İlqar Əhmədov məlumat verib.Onun sözlərinə görə, artıq nəqliyyat sektorunda da pos-terminalların quraşdırılmasına başlanmış, taksilərdə, eləcə də "London Taksi TX4" avtomobillərində pos-terminalların quraşdırılması işləri sürətlə davam etdirilir.İ.Əhmədov, həmçinin bildirib ki, hazırda respublikamızın bütün ərazisində, xüsusilə Bakı şəhəri və turizm xəritəsinə aid olan mərkəzlərdə fəaliyyət göstərən mehmanxanalarda, ticarət, iaşə, istirahət və əyləncə obyektlərində, taksilərdə, yanacaqdoldurma məntəqələrində, tibb xidməti göstərən, əczaçılıq mallarının satışı ilə məşğul olan obyektlərdə və digər sahələrdə pos-terminalların quraşdırılması təmin edilir. Respublika üzrə 20 min 138 obyektdə 22 min 611 pos-terminal aktiv fəaliyyət göstərir ki, bunun da 93,6 faizi Bakı şəhərinin ərazisindədir. Bakı şəhərinin mərkəzi rayonlarında, o cümlədən Səbail, Nəsimi və Yasamal rayonlarında pos-terminal quraşdırılmalı obyektlərin 90%-də artıq bu proses yekunlaşıb.