Turizm sahəsindəki boşluqlar - SƏBƏBLƏR NƏDİR?

İstər yerli, istərsə də xarici ölkələrə təşkil edilən turlar xərcləri minimumda saxladığı üçün vətəndaşların və əcnəbilərin "cibinə" uyğun olur. Ancaq, keyfiyyəti minimumda saxlamaq, təhlükəsizlik tədbirlərini də minimumda saxlaya bilərlər mənasına gəlmir. Hər kəs minimum vəsaitlə təhlükəsiz səyahət arzu edir. 

Tur şirkətləri pullu reklam, çox sayda izləyici olan sosial media səhifələri ilə müştəri cəlb edə bilir. Aralarında elə tur şirkətləri var ki, sərnişin ikinci dəfə onunla səyahət etmək istəmir və heç kimə məsləhət görmür. Hər hansı şəxs sadəcə VÖEN əldə etmək və nəqliyyat vasitəsi icarəyə götürməklə tur təşkil edə bilir. Lisenziya isə tələb olunmur. İşin içində ən vacibi olan peşəkarlıq, bələdçilik son sıraya atılır. Təəssüf ki, dövrün tələbi ilə bağlı olaraq vətəndaşlar rəngli reklamların, şüarların qurbanı olurlar. Nəticədə istədikləri kimi səyahət edə bilmir, zaman və pul itkisi ilə üzləşirlər.

Ona görə də vətəndaşlar sosial mediada ən çox reklamı olan agentlərə deyil, sınanmış və məsləhət olunanlara etibar etməlidir. Bu həm də öz canını kimlərəsə etibar etmək qədər mühüm amildir.

Çox zaman təşkil olunan nəqliyyat vasitəsi sağlam vəziyyətdə olmur. Yolda qalır, təhlükəli maneələri keçə bilmir. Nəqliyyat vasitəsinin relyefə uyğun seçilməsi sərnişin təhlükəsizliyi üçün əsas şərtdirmi?

Tur şirkətləri ödənilən məbləğə sadəcə səhər yeməyini daxil edir. Çox az sərnişin səhər yeməyi xidmətindən razı qalır. Çünki, təklikdə getdikləri zaman heç vaxt diqqətlərini çəkməyəcək, xidməti zəif olan restoranlarda əyləşmək məcburiyyətində qalırlar. Adətən, belə yerlərdə sanitar vəziyyət ürəkaçan olmur.

Turlarla bağlı edilən reklamlarda gəzinti üçün çox sayda yerlər qeyd olunsa da, mənzil başına çatdıqdan sonra içəridə gəzintinin sadəcə ödəniş qarşılığında mümkün olduğu ortaya çıxır. Ödəniş edən sərnişinlər istirahət kompleksi, muzey, tarixi abidəni ziyarət edə bildiyi halda digərləri tur nəqliyyatı yanında gözləmək məcburiyyətində qalır. Bu da özlüyündə təhlükəyə dəvət çıxarır. O deməkdir ki, tura adı çəkilən yerlər daxil edilmir. Vətəndaş əlavə vəsait ödəmək məcburiyyətində qalır. Bir çoxları əvvəlcədən xəbərdar belə edilmir.

"Google"-da axtarış etdiyimiz zaman qarşımıza turlarla bağlı yüzlərlə şirkət çıxır. Hətta, "11 manata turizm şirkəti açın" başlıqlı yazı belə var. İnsan həyatı və ölkə iqtisadiyyatı üçün vacib olan bu sahədəki boşluqlara səbəb elə işin təşkilinin bu qədər asan olması ilə bağlıdır. Ekspertlər hesab edir ki, daha ciddi şərtlər və tələblər altında rəqabət də, keyfiyyət də artacaq.

Digər yandan turu təşkil edən fiziki və ya hüquqi şəxsin psixoloji sağlamlığı nəzərə alınmır. Çətin anlardan vəziyyətdən necə çıxılacağını bilirmi, sərnişinlərlə münasibəti bacarırmı kimi suallar cavabsız qalır. Əslində bunu sərnişinə sübut etmək üçün hansısa yoxlanışdan keçmək vacibdir. Səyahət turlarının təşkil olması işində çoxlu sayda vacib şərtlər var. Həmin şərtlər haqqında məlumat almaq üçün ekspertlərlə həmsöhbət olduq:

Təhlükəsizlik eksperti Elmar Nurəliyev tur işinin təşkilində təhlükəsizlik tədbirləri haqqında danışdı:

- Tur təşkil edən şirkətlər, turizm agentlikləri, internet üzərindən səyahəti təşkil edən şəxslər əsas amilllərdəm biri kimi təhlükəsizliyi təmin etməlidir. Sərnişinlərin haraya getməsi, harada, necə əylənməsi işinin keyfiyyəti qədər təhlükəsizliyi də önəmlidir. Proqramın rəngarəng olması, qida keyfiyyəti, daşınma, daşınma edilən nəqliyyat vasitəsinin komfortu, qalınacaq yerin rahatlığı təhlükəsizliyin təmin edilməsində böyük rol oyanayır.  Təhlükəsizlik məsələsi də vacibliyinə görə bunların heç birindən geri qalmayan amildir. Müştərinin səyahətdən razı qalmasının da birinci şərti təhlükəsizlikdir. Əlbəttə, bundan sonra müştəri cəlb etmək də asanlaşır. Daşınan sərnişinlərin həyat sağlamlığının təhlükə altında olmaması üçün nəqliyyat vasitəsinin şəraitə uyğun seçilməsi, texniki sazlığı, idarə edən sürücünün peşəkarlığı, yer sayının sərnişin sayına uyğun olması vacibdir. Elə yerlər var ki, seçilən nəqliyyat vasitəsi həmin marşrut üzrə hərəkət edə bilmir. Logistika təhlükəsizliyindən sonra gediləcək yerin təhlükəsizliyi mühür rol oynayır. Gedilən meşədə, dağda, çayda, qalınacaq oteldə, kottecdə həyat üçün kifayət qədər təhlükə riski var. Dağda sürüşmə, qaya parçasının qopması, çayın daşması, meşədə vəhşi heyvan hücumu, həşərat, ilan sancması real təhlükələrdir. Hər biri həyat üçün riskli amildir. Hər hansı şirkər, şəxs tur təşkil edirsə, bunların hər birini göz özünə alıb, maarifləndirici tədbir görməlidir.

Kiminsə qəzada həyatını itirməsi, uçqunda qalması, yıxılmasından sonra peşmanlıq olsa da, heç nə onu geri qaytara bilməyəcək. Bələdçilər olduğu kimi təhlükəsizlik mütəxəssisləri də işin içində olmalıdır. İşini peşəkar şirkətlərə də tapşırmaq şərtdir. Qalınan otel, gedilən restoranların qida keyfiyyəti yüksək, müvafiq dövlət qurumları tərəfindən isə verilən şəhədatnaməsi olmalıdır. Öncədən həmin yerlərlə müqavilə bağlamaq isə daha etibarlı olar. O zaman həmin müəssisədə istifadə, istismar olunan hər bir şeydən sərnişin də xəbərdar olacaq. Atrraksiyonların vaxtında sertifikasiyadan keçməsinə qədər hər şey aydın olacaq. Tur rəhbəri əmin olacaq ki, burada həyat üçün riskli amil minimumdur. Və ya hansısa restorana 100 nəfər şəxsi aparırsa, biıəcək ki, kütləvi zəhərlənmə, ölüm hadisəsi olmayacaq. Və ya nəqliyyat vasitəsi peşəkar, müqaviləli şirkət tərəfindən təşkil edilibsə, texniki nasazlıq olmayacaq.

Bütün bunlar kor-koranə, qohum, tanışdan təşkil olunarsa, yolda sürücünün peşəkar olmadığı, nəqliyyat vasitəsinin nasaz olması ortaya çıxarsa, çox gec olacaq. Təəsüf ki, bəzi tur şirkətləri bunları nəzərə almır.

"Millennium Turizm, Konqres DMC"-nin direktoru Ruslan Quliyev turizmin ölkə iqtisadiyyatında yeri haqqında danışıb:

- Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri, turoperatorlar və turagentləri ölkə daxili və ölkə xarici üçün tur paketləri təklif edirlər. Onlar həm xarici ölkə vətəndaşlarının Azərbaycanda həm də yerli vətəndaşların ölkə daxilində və xaricində istirahətini təmin edirlər. Əvvəllər lisenziya mövcud idi. Artıq, lisenziya tələb olunmur. Turizm reyester sisteminin yaradılması rəqabətin yaranması və turizmdə daha keyfiyyətli qiymətləndirmə meyarlarının tətbiq olunması ilə nəticələndi. Lisenziya ləğv edildikdən sonra bazarda xaos yaranmışdı. İstehlakçıların hüquqlarının pozulması halları aşkar olunurdu.

Bizə turizm təyinatlı assosasiyalar ilə bərabər daha keyfiyyətli xidmət göstərmək, turizm paketlərinin çeşidlərinin artırılması, çeşidli turların təşkil olunması şərait yaratmaq lazımdır.

Turizmin iqtisadi, humanitar, sosial əhəmiyyəti çox vacibdir. İqtisadi əhəmiyyət qədər humanitar və sosial tərəfi də əhəmiyyətlidir.  Valyuta gətirən fəaliyyət sahələrinin təşfiq olunması mexanizmləri dərinləşdirilməlidir. Mərhələli şəkildə turizmə güzəştlərin tətbiq olunması,  gənclərin turizm işinə cəlb olunmasına, sahibkarlıq subyektlərinin daha da genişlənməsinə, mehmanxana və ona bərabər obyektlərin artmasına, əlavə xidmət sahələrinin yaranmasına xidmət edəcək. Eyni zamanda, kəndlərdən şəhərə olan axının qarşısının alınması, valyutanın birbaşa regiona yönəlməsi, xalq tətbiqi sənətinin turizm timsalında yenidən həyata qaytarılmasına şərait yaranacaq.

Vətəndaşlar bəzən reklama aldanır. Dost tövsiyyəsi, şirkətin bazardaki yerinin araşdırılması vacibdir. Bəzən aldadıcı reklamlarla vətəndaşın pulunu mənimsəyə bilirlər. Son zamanlar belə hallar daha geniş vüsət alıb.

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31