Naxçıvanın sosial-iqtisadi inkişafında yeni bir başlanğıc - ÖZƏL
7 İyun 2023 14:24 İqtisadiyyat"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı sərəncam əsasında "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi Naxçıvanın sosial-iqtisadi inkişafında yeni bir başlanğıc olacaq". Bu fikirləri "OLAYLAR"-a səsləndirən "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı deyib ki, 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar Muxtar Respublika ilə bağlı da lazımı addımların atılması, tədbirlərin həyata keçirilməsini zəruri edirdi:
"Məhz bu zərurəti nəzərə alan dövlət başçısı sözügedən Dövlət Proqramını təsdiqlədi. Nəzərə alsaq ki, Dövlət Proqramında Naxçıvanda Azad İqtisadi Zonanın yaradılması da nəzərdə tutulub, o zaman Muxtar Respublikanın yaxın 5 ildə regional və qlobal əhəmiyyətinin də artacağını söyləyə bilərik. Naxçıvanda Azad İqtisadi Zonanın yaradılması onun İran, Türkiyə vasitəsilə də beynəlxalq əlaqələrini inkişaf etdirə bilər. Eyni zamanda kommunikasiyaların bərpası da Naxçıvanın əhəmiyyətini son dərəcə artırmış olacaq. Məhz bütün bunları nəzərə alaraq dövlət başçısının belə bir Dövlət Proqramını təsdiqləməsi Cənab Prezidentin nə dərəcədə uzaqgörən, eləcə də uğurlu iqtisadi siyasət kursu həyata keçirdiyini bir daha təsdiqləyir".
Arzuman Muradlı əmin olduğunu bildirib ki, bu Dövlət Proqramı da 2004-cü ildən mərhələli şəkildə həyata keçirilən digər proqramlar kimi uğurla icra olunacaq.