Toxumluq sahələrinin moritorinqi keçirilib

Dövlət Toxum Fondunun dəvəti ilə Rusiyanın Krasnodar vilayətindən olan aqronom və mütəxəssislər Azərbaycanda səfərdə olub. Səfərdə məqsəd fermer və təsərrüfat sahibləri ilə görüşlər keçirmək, toxumluq sahələrdə düzgün aqrotexniki qulluq işləri barədə məlumat verməkdən ibarət olub. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, nümayəndə heyəti Xaçmaz və Qobustan rayonlarında əkin sahələrinə baxış keçirib. Məlumat verilib ki, son illər yerli fermer və toxumçular tərəfindən yüksək məhsuldarlıqla nəticələnən Qrom, Tanya, Alekseiç elit buğda sortları, o cümlədən Fondun təşəbbüsü ilə Dövlət Reyestrinə qeydiyyata alınmış Qomer yumşaq buğda sortundan bu il də yüksək məhsuldarlıq gözlənilir.

Rusiyalı mütəxəssislər fermerlərlə görüşündə bildiriblər ki, əkin sahələrindən səmərəli istifadə və yüksək məhsul alınması üçün ilk növbədə torpaq becərmə üsullarına diqqət yetirmək lazımdır. Ümumiyyətlə isə taxılçılıqda yüksək məhsulun alınması üçün kompleks tədbirlər vaxtı-vaxtında  həyata keçirilməlidir. Belə ki, torpaq düzgün hazırlanmalı, yüksək reproduksiyalı toxumdan istifadə olunmaqla səpin vaxtında aparılmalı, səpin normasına düzgün əməl olunmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31