"Yaşıl" texnologiyaların istifadəsinə yeni iqtisadi perspektivlər yaradacaqdır - Sahibə Qafarova

Milli Məclisin sədri Sahibə Qafarovanın mayın 22-də "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizliyin və sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda konfransda çıxış edib. "Olaylar"ın xəbərinə görə, sədr çıxışında bildirib ki, ölkələrimiz və bütövlükdə ATƏT bölgəsi üçün həyati əhəmiyyət kəsb edən məsələləri müzakirə etmək üçün bir çox parlamentarinin bir araya gəlməsi təqdirəlayiqdir:  "Biz millət vəkilləri, xalqlarımızın nümayəndələri olaraq, ölkələrimizin müasir çağırışlara dair mümkün olan ən yaxşı həll yollarını tapmaq səylərini dəstəkləmək və hər kəs üçün daha yaxşı bir gələcəyə çatmaq üçün imkanların reallaşmasına kömək etmək üçün məsuliyyət daşıyırıq. Bu mənada, parlament əməkdaşlıq platformaları bizim öhdəliyimizi və qətiyyətimizi əks etdirir. ATƏT Parlament Assambleyası çərçivəsində dialoqumuz, bu cür konfranslar çərçivəsində fikir və təcrübə mübadiləsi, genişlənmə və sıx əməkdaşlıq üçün yeni ideyalar və perspektivlər yaratmaq baxımından vacibdir". MM sədri qeyd edib ki, ATƏT regionunda mürəkkəb təhlükəsizlik mühiti dövrünün pandemiyadan sonrakı iqtisadiyyatın bərpasındakı çətinliklər və digər çağırışlarla müşayiət olunduğu bir vaxtda, bugünkü konfrans davamlı inkişafda yaşıl iqtisadiyyatın və qarşılıqlı əlaqənin rolu kimi mühüm məsələlərə həsr olunub: "Bunlar panel iştirakçılarımız tərəfindən ətraflı müzakirə ediləcəkdir. Ancaq icazə verin, bu məsələlər üzərində qısaca dayanım.  Aydındır ki, "yaşıl" texnologiyaların istifadəsi təkcə ətraf mühitin qorunmasını təmin etməyəcək, həm də yeni iqtisadi perspektivlər yaradacaqdır. Bu da davamlı inkişafın bütün aspektlərinə müsbət təsir göstərəcək. Əlbəttə ki, inklüziv yaşıl iqtisadiyyata keçid istər-istəməz tədricən olacaq və bir çox problemlərlə müşayiət ediləcək. Ancaq irəliyə doğru düzgün addımlar ataraq onu sabit və davamlı etmək olar.  Bu, Azərbaycanın gündəmində də mühüm yer tutur. Təmiz ətraf mühit və yaşıl inkişaf Azərbaycanın 2030-cu ilədək yeni inkişaf strategiyasının beş prioritet istiqamətindən biri kimi müəyyən edilib. Son illərdə bərpa olunan enerji mənbələrinin enerji təchizatındakı payının əhəmiyyətli dərəcədə artırılması üçün mühüm addımlar atılıb. 2021-ci ildə parlamentimiz "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Qanun qəbul edib. Bu gün artıq beynəlxalq tərəfdaşlarla birgə külək və Günəş elektrik stansiyalarının tikintisi üzrə bir neçə layihə həyata keçirilir.Yaşıl enerji sahəsindəyalnız milli potensialın yaradılması deyil, həm də ondan beynəlxalq əməkdaşlığın təşviqində istifadə edilməsi üçün addımlar atılır. Ötən ilin dekabrında Buxarestdə "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında" Sazişimzalanıb.Azərbaycanın nəhəng bərpa olunan enerji resursları ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu artıracaq.

Nəqliyyatın əlaqələndirilməsi məsələsinə gəldikdə, nəqliyyat və kommunikasiya xətlərinin və tranzit marşrutlarının diversifikasiyasıvə gələcək inkişafı, dayanıqlı inkişaf baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi Orta Dəhlizdə əsas beynəlxalq nəqliyyat-logistika qovşaqlarından birinə çevirib.Nəqliyyat prosedurlarının sadələşdirilməsi, milli və beynəlxalq hüquqi müddəalardakı boşluqların və çatışmazlıqların aradan qaldırılması kimi praktik tədbirlərin görülməsi dəhliz boyunca ticarət əlaqələrini və biznes fəaliyyətini daha da genişləndirəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31