Vergilər Nazirliyinin xətti ilə büdcəyə 4 milyard 104 milyon 697,5 min manat vəsait daxil olub
15 Avqust 2013 16:35 İqtisadiyyat2013-cü ilin yanvar-iyul aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 4 milyard 104 milyon 697,5 min manat təşkil edib. Nazirliyin Analitik-informasiya şöbəsindən "Olaylar"a verilən məlumata görə, bu məbləğin 41 faizi mənfəət vergisinin, 23,1 faizi əlavə dəyər vergisinin, 11,6 faizi şəxslərin gəlir vergisinin, 7,3 faizi aksizlərin, 17 faizi isə digər vergilərin payına düşür. Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 143 milyon 913,7 min manat vəsait daxil olub. Yanvar-iyul aylarında respublika üzrə 45 min 628 vergi ödəyicisi, o cümlədən elektron qaydada 29 min 69 (63,7 faiz) vergi ödəyicisi qeydiyyata alınmışdır. 1 avqust 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 520 min 986 olub. 2013-cü ilin yanvar-iyul ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,7 faiz təşkil edib.