Nazir büdcədə ediləcək dəyişikliklərin əsas parametrlərini açıqlayıb
6 May 2023 11:00 İqtisadiyyat2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər layihəsinin Milli Məclisə təqdim olunacağı vaxt məlum olub. "Olaylar" xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq, büdcəyə dəyişikliklər layihəsi mayın 15-dən tez parlamentə təqdim olunmur:"Bu təqvimə riayət edəcəyik".
Maliyyə naziri Samir Şərifov 2023-cü ilin dövlət büdcəsinə ediləcək dəyişikliklərin əsas parametrlərini açıqlayıb. Bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarının icrası olaraq ölkə qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün dövlət büdcəsində dəyişikliklər edilməsi zərurəti yaranıb: "Əsas istiqamətləri Prezident öz çıxışında göstərib. İlk növbədə Böyük Qayıdış proqramında əhatə olunan layihələrin maliyyələşdirilməsi proqramı sürətlə həyata keçirilməkdədir. Digər istiqamət isə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlıdır. Bunun üçün də əlavə vəsaitə ehtiyac var. Ona görə büdcəyə yenidən baxılması nəzərdə tutulub. Bundan başqa, digər məsələlər də dəyişikliklərdə əksini tapacaq".