"Sahibkarlar Günü"nə həsr olunmuş konfrans keçirilib - FOTO
25 Aprel 2023 19:00 İqtisadiyyatBu gün "Sahibkarlar Günü" münasibətilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans düzənlənib. "Gülüstan" sarayında İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfrans öz işinə Azərbaycanın dövlət himninin səslənməsi, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və digər qurum rəhbərləri mövzuya dair fikirlərini bölüşüblər. İqtisadiyyat naziri Mikayıl Cabbarovun video müraciəti tədbir iştirakçılarına təqdim edilib.
Tədbirdə ulu öndərin həyat və fəaliyyətinə, Azərbaycanın inkişafı və çiçəklənməsi, o cümlədən, sahibkarlığın inkişafı sahəsində gördüyü işlərə həsr olunmuş "Əbədiyyətin ilk əsri. Heydər Əliyev 100" filmi nümayiş olunub. Konfransın sonunda Prezident İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub. Tədbir bədii hissə ilə başa çatıb. Konfrans çərçivəsində "Gülüstan" sarayının foyesində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi təşkil olunub. Konsept.az

