Qeyri-neft sahələrində artım, neft sektorunda isə azalma baş verib
13 Avqust 2013 16:28 İqtisadiyyatÖlkənin sənaye sahələrində 2013-cü ilin yanvar-iyul aylarında 19,6 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Sənayenin qeyri-neft sahələrində 3,4 faizlik artım, neft sektorunda isə 0,3 faizlik azalma müşahidə olunub. Bu barədə Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, istehsalın dörddə üç hissəsi mədənçıxarma, 19,9 faizi emal, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib. Yeddi ay ərzində 25,5 milyon ton neft, 10,3 milyard kub-metr əmtəəlik təbii qaz hasil edilib. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatlarının, ayaqqabıların, kağız və karton, poliqrafiya, kimya, tikinti materiallarının, metallurgiya, kompyuter və elektron avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin, mebel və s. məhsulların istehsalında daha çox artım əldə edilib.