Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

2023-cü ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 136 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 73 ölkəyə məhsul ixrac olunub, 132 ölkədən idxal olunub.

Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 4 milyard 591,4 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 3 milyard 178,7 milyon dollarını və ya 69,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 1 milyard 412,7 milyon dollarını (30,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 1 milyard 766,0 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2022-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 15,6 faiz, real ifadədə 3,9 faiz, o cümlədən idxal 18,7 faiz artıb, ixrac isə 1,0 faiz azalıb. 2023-cü ilin yanvar ayında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə faktiki qiymətlərlə 22,5 faiz, real ifadədə 19,8 faiz artaraq 284,5 milyon dollar təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31