FED-in qərarları manatın məzənnəsinə necə təsir göstərəcək? - ÖZƏL
9 Mart 2023 12:46 İqtisadiyyatAvro da ABŞ puluna nisbətən dəyər itirməkdədir. Hazırda 1 avro almaq üçün 1 dollar 6 sentdən daha az ödəmək lazımdır. Bütövlükdə, qlobal valyuta bazarında volatillik müşahidə olunmaqdadır. FED-in qərarları manatın məzənnəsinə necə təsir göstərəcək? Millət vəkili Vüqar Bayramov "Olaylar"a bildirib ki, dolların qlobal bazarlarda möhkəmlənməsi regional valyutalara ən azı psixoloji təsirsiz ötüşmür. Azərbaycan Mərkəzi Bankınn ilin əvvəlində təşkil etdiyi hərraclarda dollara tələb aşağı idisə artıq xarici valyuta alıcıların sayı artmaqdadır. Mərkəzi Bank martın 7-də 44.8 milyon, martın 2-də 51.7 milyon, fevralın 28-də 42.7 milyon dolları hərraclarda satıb. Bütövlükdə, fevral ayında dollara tələbin yenidən yaranması müşahidə olunub: "Aydındır ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir.
Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti aylarda da manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".