Bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur - ÖZƏL

"2020-2022-ci illərdə Şirvan  regionunu  əhatə edən rayonlarda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər, rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, Şirvan, Saatlı, Sabirabad, Neftçala, Salyan və Hacıqabul rayonları üzrə bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, dövlət və bələdiyyə mülkiyyətində olan hüquqi və fiziki şəxslərə icarəyə verilmiş torpaqların sənədləşdirilməsində və istifadəçiliyində torpaq qanunvericiliyinin tələbləri pozulur". Bu barədə Xidmətdən "Olaylar"a daxil olan məlumata görə, aparılmış monitorinqlər nəticəsində 2020-2022-ci illər ərzində   adıçəkilən  rayonlarda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq qanunvericiliyinin pozulması ilə bağlı 525 hal aşkar edilərək sənədləşdirilib: "Bu dövrdə rayonlarda torpaq qanunvericiliyi sahəsində yol verdikləri pozuntu hallarına dair müvafiq torpaq istifadəçiləri ilə bağlı 487 inzibati protokol tərtib edilib, 210 min manat məbləğində cərimə tətbiq olunub. Həmin hallarla bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə yerli icra hakimiyyətlərinə, müvafiq icra hakimiyyəti orqanlarına müraciətlər edilib. Torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin artırılması, təsirli tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin, torpaqlardan istifadə edilməsi və onların mühafizəsi sahəsində qanunvericiliyə əməl olunması ilə bağlı preventiv tədbirlərin, davamlı maarifləndirmə və izahat işlərinin aparılması, bu məsələlərdə ictimaiyyətin, kütləvi informasiya vasitələrinin və bələdiyyələrin iştirakının gücləndirilməsi vacibdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31