“Kolxoz bazarı” oyunu, yoxsa inhisarçılığın yeni variantı?

Ölkədə kənd təsərrüfatı bazarlarının ləğvi planlaşdırılır

Yayılan məlumata görə, yaxın gələcəkdə Azərbaycanda fəaliyyət göstərən bütün kənd təsərrüfatı məhsulları bazarları ləğv olunacaq. Bunun əvəzində isə ixtisaslaşmış iri marketlər fəaliyyət göstərəcək. Belə ki, bu marketlərə tədarük məntəqələri tərəfindən hər gün təzə məhsullar gətiriləcək, köhnə məhsullar isə konserv müəssisələrinə göndəriləcək. Bununla bağlı təkliflər artıq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunub. Məlumat yayıldıqdan sonra Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev açıqlamasında bildirib ki, istehlakçıların kənd təsərrüfatı məhsulları ilə təminatı sahəsində bu, yeni mərhələyə keçmək üçün ilk növbədə yerlərdə tədarük satış məntəqələri yaradılmalıdır. "Bu tədarük satış məntəqələri sifarişçilərlə müqavilələr əsasında işləməlidir. Məsələn, qrafik üzrə təyin olunmuş vaxta qədər tədarük bazası sifarişçi üçün məhsulları istehsalçıdan təzə-təzə alır və sonra sifarişçiyə tədarük edir. Belə olan halda kəndli də əziyyət çəkmir". Məlumat üçün qeyd edək ki, nazirliyin bu açıqlaması nə mütəxəssislər, nə də sıravi insanlar tərəfindən birmənalı qarşılanmayıb. Çünki, tədarük məntəqələrinin xidmət haqqı o qədər böyükdür ki, fermerə həmin məntəqələrdə məhsul saxlamaq heç də sərfəli deyil. Onu da nəzərə alaq ki, artıq belə saxlama mərkəzləri artıq biznes fəaliyyətinə çevrilib. İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, ölkədə bütövlükdə kənd təsərrüfatı bazarlarının bağlanması heç də düzgün seçim deyil: "Təbii ki, mən şəhərin mərkəzində olan bazarların kənarlara köçürülməsinin tərəfdarıyam. Bu həm sanitariya, həm də tıxac baxımından məqsədəuyğundur. Amma daha bütün bazarların bağlanması arzuolunan deyil". Ekspertin fikrincə, kənd təsərrüfatı bazarlarının öz üstün cəhətləri var: "Bu bazarların bir üstün cəhəti də odur ki, burada qiymət fermer və alıcı arasında danışılaraq müəyyən olunur. Bu vaxt da qiymətlər nisbətən alıcının istəyinə uyğunlaşdırılır və bu da stimul verir ki, alıcılar bu bazarlara üstünlük versinlər. Bazarlarda xərclər də nisbətən azdır. Satıcıların xüsusi dükanları və ya digər şəraitləri olmadığından qiymətin nisbətən ucuz olmasına şərait yaradır. Amma marketlər şəraitində təbii ki, bir sıra xərclərin olması zəruri olacaq. Bu da qiymət artımına səbəb olacaq. Marketlərin yaranması isə fermerlərin öz məhsullarını satmasına əngəl yarada bilər. Çünki, bu marketlərdə bəzi insanlar şəxsi məhsullarının satılmasına maraqlı olacaqlar. Nəticədə isə bu sahə ilə məşğul olan insanların maliyyə imkanlarına mənfi təsir göstərəcək". İctimaiyyətin belə təpkisi ilə üzləşən Kənd Təsərrüfatı Nazirliyi dərhal təkzib vermək məcburiyyətində qaldı. Nazirlikdən bildirildi ki, Azərbaycanda bazarlar ləğv olunmayacaq. Sadəcə olaraq adı dəyişdirilərək "kolxoz bazarları" sözü əvəzinə, "kənd təsərrüfatı məhsullarının satış bazarı" adlandırılacaq. Məlumatda o da bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyi əksinə, bazarların artırılması təşəbbüsünün tərəfdarıdır: "Biz həmçinin yerlərdə tədarük-satış məntəqələrinin yaradılmasını təklif edirik. Belə ki, fermerlər məhsullarını bazarlara gətirənə qədər əziyyət çəkirlər. Belə tədarük məntəqələri fermerlərdən məhsullarını elə orda alacaq. Bununla da fermerlər əziyyətdən azad olacaqlar". Bəs reallıqda necə, ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı bazarlarının ləğv olunmasına ehtiyac varmı və yaxid, belə bir ideya hansı səbəblərdən ortaya atılıb? Əvvala onu qeyd edək ki, ölkədə bazarların ləğv olunması ilə Kənd Təsərrüfatı Nazirliyi məşğul ola bilməz. Çünki hazırda fəaliyyətdə olan bazarlar hazırda icra hakimiyyətlərinin ixtiyarındadır. Digər tərəfdən, Kənd Təsərrüfatı Nazirliyi özü hər həftənin şənbə və bazar günləri paytaxtın müxtəlif rayonlarında kənd təsərrüfatı məhsullarının yarmarkasını təşkil edir. Ümumilikdə 8 belə yarmarka paytaxtın 7 rayonunu əhatə edir. Bu yarmarkalarda kənd təsərrüfatı məhsullarının qiyməti birbaşa bazardakılardan 20-30% aşagıdır. İndiyədək həmin yarmarkalarda 150 min ton məhsul satılıb. Azərbaycan kənd təsərrüfatı ölkəsi olduğu, kənd təsərrüfatı məhsullarına bu qədər ehtiyac duyulduğu, ölkəmizin dünya bazarına ekoloji təmiz məhsul çıxarmağa hazırlaşdığı bir məqamda belə bir təklifin ortaya atılmasını qətiyyən təsadüfi hesab etmək olmaz. Burada söhbət kənd təsərrüfatı bazarlarını sıradan çıxarmaqla monopoliya yaratmaq istəyindən gedir ki, görünür nazir İsmət Abbasov bu imkanı əldən vermək istəmir. Hətta sözügedən ideyanı reallaşdırmaq məqsədilə iqtisadi və ictimai əsas hazırlığı həyata keçirilir. Elə paytaxtda kənd təsərrüfatı məhsullarının satıldığı indiki bazarların ləğvinin onların modernləşdirilməsi ilə əsaslandırılması bir çox mətləblərdən xəbər verir. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Əliyev bildirib ki, keçmişdə kolxoz bazarları indi kənd təsərrüfatı məhsulları satışı bazarları adlanır: "Biz Kənd Təsərrüfatı Nazirliyi olaraq düşünürük ki, bu bazarlar daha da genişlənsin, müasirləşsin, yəni bütün texniki avadanlıqlar, xüsusi soyuducu qurğularla təmin olunsun, tez xarab olan kənd təsərrüfatı məhsulları qoruna bilsin ki, alıcılar, istehlakçılar da rahat istifadə edə bilsinlər". Görünür indiyə qədər kənd təsərrüfatı yarmarkalarının təyinatının dəyişdirilməsi barədə yayılan məlumatlar heç də əsassız deyilmiş. Yarmarkalar bilərəkdən alverçilərin ixtiyarına verilib ki, onun fəaliyyət dairəsi genişləndirilsin. Axı bazara gedən insanlar təkcə kənd təsərrüfatı məhsulları deyil, həm də digər ərzaq məhsulları istehlak etməyə çalışırlar. Bunların hamısının bir mərkəzdə cəmləşdirilməsi isə inhisarçılığın əsasının qoyulması deməkdir. Bu isə elə də böyük məbləğ yatırmadan külli miqdarda qazanc əldə etmək deməkdir. Belə isə nədən Kənd Təsərrüfatı Nazirliyi bu fürsəti əldən versin?

 Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31