Türkiyədəki dağıdıcı zəlzələ Azərbaycan bazarına təsirsiz ötüşməyəcək - ÖZƏL
14 Fevral 2023 14:39 İqtisadiyyat"Fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələ Azərbaycan bazarına da təsirsiz ötüşməyəcək və Türkiyədən Azərbaycana bir sıra məhsulların idxalında problemlər yaradacaq".
"OLAYLAR" xəbər verir ki, bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında yer alıb. Mərkəz hesab edir ki, dağıdıcı zəlzələnin baş verdiyi ərazilər əsasən kənd təsərrüfatı mıhsullarının istehsal edildiyi vilayətlərdir və təbii fəlakətin bu sahəyə də ciddi ziyan vurması təkcə ixracda deyil, eləcə də istehsalda, ciddi çətinliklər meydana çıxaracaq: "Azərbaycanda pomidor istehsalı kifayət qədər olmasına baxmayaraq ilin müəyyən fəsillərində Türkiyədən də bu məhsul ölkəyə idxal edilir. Zəlzələnin meydana gəldiyi ərazilərdən biri məhz pomidor istehsalı ilə məşhur olan vilayətlərdəndir. Şanlıurfa 282 944 ton pomidor istehsalı ilə Türkiyədə ilk beşlikdə yer alır. Fevralın 6-da baş verən zəlzələ ilə qeyd edilən ərazilərdə əksər sahələr kimi, kənd təsərrüfatı, pomidor sahələrinə də öz mənfi təsirini göstərib. Ona görə də bu məhsulun Türkiyədən xarici bazarlara, o cümlədən Azərbaycana ixracında problemlər yaranacaq. İxracın azalması isə heç şübhəsiz ki, bazarda tələbatın və qiymət artımının baş verməsinə gətirib çıxaracaq".
Mərkəzin açıqlamasında eyni tendensiyanın digər təbii fəlakət zonalarında da müşahidə edildiyi vurğulanır: "Yaxud, Hatay vilayətinin 54,7 faizi kənd təsərrüfatı təyinatlıdır ki, burada da aqrar sahəyə zəlzələ dağıdıcı ziyan vurub. Əsasən pomidor, soğan, kartof, badımcan, sitrus meyvələri istehsal edən Hatay yaxın müddətdə nəinki öz daxili tələbatını ödəyə biləcək, əksinə bu kimi məhsulların kənardan gətirilməsi ilə özünü ayaqda saxlamağa çalışacaq. Bir sözlə, dağıdıcı zəlzələ zəncirvari şəkildə bütün sahələrdə öz mənfi izlərini göstərəcək".