Zəlzələ nəticələri Azərbaycan- Türkiyə iqtisadi əlaqələrinə necə göstərəcək?
14 Fevral 2023 10:48 İqtisadiyyat"Türkiyədəki zəlzələnin iqtisadi nəticələri ilə yanaşı qonşu ölkələr ilə ticari dövriyyəsinə təsirləri də xüsusi müzakirə olunur. Türkiyə Azərbaycanın strateji müttəfiqi olmaqla yanaşı xarici ticarətdə ikinci ən böyük tərəfdaşıdır. 2022-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 6.0 milyard dollara yaxınlaşıb. 2021-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 4 milyard 661 milyon dollar olmuşdu. Ötən ilin ilki 11 ayında Türkiyəyə 3 milyard 323 milyon dollarlıq ixrac etmişik, qardaş ölkədən isə 1 milyard 48 milyon dollarlıq idxalımız olub". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Türkiyə eyni zamanda ölkəmizin qeyri-neft ixracatında ikinci əsas tərəfdaşıdır. 3.0 milyard dollarlıq enerjidən kənar ixacatımızın təxminin 1/3-i Türkiyənin payına düşür. Son illər qardaş ölkəyə ixrac etdiyimiz qeyri-neft məhsullarının dəyərində artım qeydə alınır. Bununla yanaşı, hələ də Türkiyə ilə ticarət dövriyyəmizdə enerji məhsulları əsas paya malik olmaqdadır. Xüsusən də qardaş ölkəyə mavi qaz ixracatında artımlar qeydə alınır: ""Əsrin fəlakətini"n coğrafiyasına və Türkiyəyə ixracatımızın strukturuna diqqət yetirsək zəlzələ iki ölkə arasındakı iqtisadi əlaqələrə xüsusi neqativ təsir göstərməyəcək. 2023-cü ildə də ölkələr arasındakı enerji əməkdaşlığının güclənəcəyi gözlənilir. Qeyri-neft sahəsindəki əməkdaşlıq da bu il davam etdiriləcək. Bu baxımdan, enerji məhsullarının qiymətlərində düşüşlər olmazsa Azərbaycan- Türkiyə arasındakı ticarət dövriyyəsində hər hansı ciddi azalma gözlənilmir".