Bazar və ya market: hansı daha sərfəlidir?
2 Avqust 2013 13:11 İqtisadiyyatYaxın gələcəkdə Azərbaycanda fəaliyyət göstərən bütün kənd təsərrüfatı məhsulları bazarları ləğv olunacaq. Bunun əvəzində isə ixtisaslaşmış iri marketlər fəaliyyət göstərəcək. Belə ki, bu marketlərə tədarük məntəqələri tərəfindən hər gün təzə məhsullar gətiriləcək, köhnə məhsullar isə konserv müəssisələrinə göndəriləcək. Bununla bağlı təkliflər artıq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunub. Nazirliyin bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev mətbuata açıqlamasında bildirib ki, istehlakçıların kənd təsərrüfatı məhsulları ilə təminatı sahəsində bu, yeni mərhələyə keçmək üçün ilk növbədə yerlərdə tədarük satış məntəqələri yaradılmalıdır. "Bu tədarük satış məntəqələri sifarişçilərlə müqavilələr əsasında işləməlidir. Məsələn, qrafik üzrə təyin olunmuş vaxta qədər tədarük bazası sifarişçi üçün məhsulları istehsalçıdan təzə-təzə alır və sonra sifarişçiyə tədarük edir. Belə olan halda kəndli də əziyyət çəkmir", - deyə şöbə müdiri qeyd edib. İqtisadçı-ekspert Yaşar Əsədov "OLAYLAR"a mühafizəkar insan kimi bazarların ləğvi məsələsinə yanaşmasının mənfi olduğunu bildirdi. Onun fikrincə, bazarlar Bakının, ümumiyyətlə, Şərqin bir atributudur. Amma əlbəttə ki, Bakı kimi sıxlığın bir az çox olduğu şəhərlərdə bazarların artıq problemler yaratdığını da vurğuladı: "Bazarların yanında həmişə tıxaclar olur. Əvvəlki illərlə müqayisədə indi nisbətən təmiz osa da, yenə də antisanitar vəziyyət olur, natəmizlik olur. Əlbəttə, həmin xidmətlərin marketlərə keçirilməsi və mərkəzləşdirilimiş qaydada təşkil olunması əhaliyə xidmət baxımından bir pillə yüksəkdir. Aydın məsələdir ki, qiymətlər bir az baha olacaq. Amma bir tərəfdən xidmət əhaliyə yaxınlaşacaq. Əgər indi nəsə almaq üçün bazara getmək lazımdırsa, o xidmət növündə bazar alıcıya yaxınlaşacaq".