Şamaxıdakı tədris mərkəzi 10 yaşını qeyd edir
28 İyun 2012 18:31 İqtisadiyyatİyunun 28-də Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində Mərkəzin 10 illiyinə həsr olunmuş "Azərbaycan: 2020 - Gələcəyə baxış Konsepsiyasında vergi siyasətinin rolu" mövzusunda dəyirmi masa keçirilib. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, tədbirdə qeyd olunub ki, son on ildə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunub, azad sahibkarlığa söykənən iqtisadi model bərqərar olub. Bildirilib ki, Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir dövrdə əsas hədəf çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, eyni zamanda elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Vergilər Nazirliyi də bu inkişafa daim öz töhfəsini verməyə çalışır. Qeyd olunub ki, ƏDV-nin tətbiqi mexanizminin təkmilləşdirilməsi, daxildə istehsal olunan və idxal edilən mallara aksizlərin tətbiqi mexanizminin təkmilləşdirilməsi, vergi dərəcələrinin optimallaşdırılması, vergidən azadolmaların və vergi güzəştlərinin minimuma endirilməsi yolu ilə vergitutma bazasının genişləndirilməsi, əmlak və torpaq vergilərinin bazasında vahid daşınmaz əmlak vergisinin tətbiqi üçün qanunvericilik bazasının yaradılması və s. gələcəkdə nəzərdə tutulan vergi siyasətinin əsas inkişaf istiqamətlərindəndir. ("OLAYLAR"İA)