Üç növ suyun istehsalı və satışı qadağan edildi
28 İyun 2012 17:34 İqtisadiyyat"Hilal Group" MMC-də qablaşdırılmış içməli su, "Aslan" MMC-də alkoqolsuz içkilər və meyvə nektarı, fiziki şəxs Rauf Novruzova məxsus sexdə alkoqolsuz içkilər, qazlı su və meyvə şirələri, fiziki şəxs Gülbala Qasımzadə və fiziki şəxs Yusif Əliyevə məxsus sexdə süd məhsullarının istehsalı və satışı qadağan edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qurumun Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən hər üç müəssisədə aparılan araşdırma zamanı müəyyən olunub ki, istehsal olunan məhsulun Səhiyyə Nazirliyi ilə razılaşdırılmış texnoloji təlimatı yoxdur, məhsulun markalanmasında suyun mənbəyi, hazırlanması barədə məlumatlar, suyun saxlanmasına zəmanət müddəti normativ sənədin (AZS 282-2007) tələblərinə zidd olaraq əsassız göstərilib, AZS Milli Sertifikatlaşdırma Sisteminin qaydaları pozularaq məhsul sertifikatlaşdırılmadan satışa çıxarılıb, həmçinin istehsalda istifadə olunan ölçmə vasitələri "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 12.3.5-ci bəndinə zidd olaraq müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunub. Aşkar olunmuş qanun pozuntuları ilə bağlı sözügedən müəssisələedə qablaşdırılmış içməli suyun istehsalı və satışını qadağan edən Tələbnamə verilib.