Pensiya islahatları nə vəd edir?

Yeni ildən hansı yeniliklər tətbiq olunacaq?

Ölkədə həyata keçirilən sosial siyasət şübhəsiz ki, vətəndaşların yaşayış səviyyəsinin yüksəlməsinə hesablanıb. Məhz bu məqsədlə ötən ilin sonunda bir sıra qanunlarda əhəmiyyətli dərəcədə dəyişiklik edilib. Yeniliyin tərkib hissəsi olaraq pensiya sahəsində bir sıra yeniliklər nəzərdə tutulub. Yeni ildən tətbiq ediləcək bu yeniliklər nə vəd edir? Qeyd edək ki, ötən il  "Əmək pensiyaları haqqında" Qanunda bir sıra dəyişikliklər olunub. Maraqlıdır, yeni dəyişikliklər pensiyaçılar üçün nə vəd edir? Millət vəkili Vüqar Bayramov bildirib ki, mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında kapital məbləğindən asılı olmayaraq fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır. Həmin güzəştin müddəti 2003-cü ilin yanvarında başa çatırdı. Yeni  təsdiq olunan dəyişikliklərlə pensiya amnistiyası daha 3 il uzadılır: "Belə ki, mövcud qanunvericiliyə əsasən yaşa görə pensiya almaq üçün ya 25 il ştaj və ya minimum pensiya kapitalı tələb olunur. Ancaq, əgər vətəndaş 2018-ci ilin iyulun 1-dək hətta 1 manat pensiya kapitalına malik olubsa o ştaj müddətindən asılı olmayaraq pensiya almaq hüququ əldə edir. Belə ki, bu zaman onun 2006-cı ilədək olan ştajı 25 il hesab olunur. 2026-cı ildən sonra isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır. Praktik olaraq, bu dəyişikliklər ilə 2018-ci ilinin ikinci yarısınadək pensiya hesabında hətta ən kiçik məbləğ kapitalı olan vətəndaşlarımız da pensiya ala biləcəklər. Bu baxımdan, sözügedən dəyişiklik pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək".

 Pensiyalarda yeni amnistiya tətbiq olunacaq

Millət vəkili bildirib ki, "Əmək pensiyaları haqqında" qanuna edilən digər dəyişikliyə görə, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqi nəzərdə tutulur. Qaydalara əsasən, bu məbləğ əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Mövcud qanunvericiliyə əsasən, bu zaman müddət müəyyənləşdirilmədən artıq məbləğin geri ödənilməsi həyata keçirilirdi. Amma yeni dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq: "Yəni, əgər pensiyaçıya fərqli səbəblərdən 2020-ci ildən əvvəl artıq ödəniş olubsa yeni dəyişikliklərə əsasən həmin ödəniş geri istənilməyəcək. Dəyişikliklər 2020-ci ildən əvvəlki dövrə amnistiyanın verilməsini nəzərdə tutur. Bu isə pensiyaçıların sosial təminatı baxımdan vacib addım hesab edilməlidir. Eyni zamanda, geri ödəniləcək hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz. Bu məhdudlaşdırma da pensiyaçının sosial vəziyyətini pisləşdirməmək məqsədi daşıyır. Bütövlükdə, əmək pensiyaları üzrə artıq ödənilən vəsaitlərin böyük hissəsi 2020-ci ildən əvvəlki dövrü əhatə etdiyi üçün yeni dəyişikliklər böyük məbləğdə vəsaitin bağışlanmasına və amnistiya edilməsinə imkan verəcək".

Yeni vergi güzəştləri tətbiq olunacaq

Yeni ildə ediləcək yeniliklərdən biri də vergi güzəştləri ilə bağllıdır. Bu məqsədlə "Vergi Məcəlləsinə" bir sıra dəyişikliklər edilib. Millət vəkili bildirib ki, dəyişikliklərlə məcəlləyə yeni kateqoriya- "texnologiyalar parkından kənar fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs" əlavə olunub: "Layihəyə əsasən, texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi, 2026-cı il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 5 faizi həcmində müəyyənləşir. Bu o deməkdir ki, cari ildən növbəti 3 il müddətində sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirənlərin 8 min manatadək olan gəlirləri vergidən azad olunacaq. 2026-cı ildən sonra 7 illik müddətində cəmi 5 faizlik gəlir vergisi tətbiq olunacaq. Digər dəyişikliyə əsasən, sözügedən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən ödənilən dividenddən texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə ödəmə mənbəyində vergi tutulmayacaq. Təklif edilən dəyişikliklərə əsasən, bu sahədə fəaliyyət göstərən sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərin gəlir vergisindən, hüquqi şəxslərin isə mənfəət vergisindən azad ediləcəklər. Eyni zamanda, bu sahədə fəaliyyət göstərən şəxslərə əmlak və torpaq vergisi sahəsində azadolmalar da tətbiq olunacaq.Təklif olunan dəyişikliklər sektorun inkişafı baxımdan vacib hesab olunur. Bunun eyni zamanda yeni xarici investisiyanın cəlbinə də şərait yaradacağı gözlənilir".

 ƏDV-nin neçə faizi geri qaytarılacaq?

Artıq yanvar ayının 1-dən "Vergi Məcəlləsi"ində yeni dəyişikliklər qüvvəyə minib. Dəyişikliklərdən biri də ƏDV-ni geri al qaydaları ilə bağlıdır. V.Bayramov qeyd edib ki, artıq bu aydan etibarən plastik kartdan istifadə edərək alış-veriş edən vətəndaşlarımız üçün ƏDV-nin 15.0 deyil, 17.5 faizi geri qaytarılacaq. Eyni zamanda, nağd şəkildə ödəniş edənlər ƏDV-nin 10.0 deyil, 5.0 faizini geri ala biləcəklər: "İşğaldan azad olunan ərazilərimizdə nağdsız ödəniş edən vətəndaşlarımız üçün isə ƏDV-nin 30.0 faizi geri qaytarılacaq. Bununla Qarabağ və Şərqi Zəngəzurda yanvarın 1-dən etibarın 10 illik geniş miqyaslı güzəştlərin tətbiqinə start verilir. Bu isə o deməkdir ki, plastik kartdan istifadə edərək ödəniş edən vətəndaşlarımıza bu ildən etibarən daha çox vəsait geri qaytarılacaq. Bu baxımdan nağdlı deyil, nağdsiz ödəniş daha məqsədəuyğun və eləcə də iqtisadiyyatın leqallaşması baxımdan çox vacibdir. ƏDV-ni geri al mexanizmində əsas məqsəd də məhz vətəndaşlarda plastik kartlardan istifadə vərdişlərinin genişləndirilməsi və institutsional olaraq nağdlı hesablaşmaların minimumlaşdırılmasıdır. Bu iqtisadiyyatın ağardılması və islahatlarının dərinləşdirilməs baxımdan vacib məsələdir. Bütövlükdə, bu ildə də "Vergi Məcəlləsi"nə edilən dəyişikliklər stimullaşdırıcı xarakter daşıyır və real sektorun da bu imkanlardan faydalanmasına imkan yaradacaq".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31