Sahibkarları yoxlayan orqanlar arasında polislər birinci yerdədir

Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi "Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək" layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində 1000 kiçik sahibkarlıq subyekti arasında sorğu keçirib. KOMİYM sədri İlkin Qarayev layihə haqqında KİV-ə məlumat verərək bildirdi ki, "Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək" layihəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən dəstəklənir. Layihənin əsas təşkilatçılarından biri də Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondudur (prezidenti Sabit Bağırov). İlkin Qarayev daha sonra bildirdi ki, sorğu əsasən Bakı, Gəncə, Sumqayıt şəhərləri və Azərbaycanın 17 inzibati rayonunda keçirilib. Sorğunun həyata keçirilməsi, lazımi məlumatların toplanılması, sorğu nəticəsində əldə edilmiş məlumatların xüsusi statistik proqram (SPSS) ilə işlənməsi və nəticələrin analizi prosesində yüksək ixtisaslı müəssisələr iştirak edib.

Sorğu prosesində respondentlərin verdiyi cavablar aşağıdakı nəticələri əldə etməyə imkan verir:

Rəy sorğusu prosesində anonimliyin qorunub saxlanacağının elan olunmasına baxmayaraq, bəzi respondentlərin sorğuya bir qədər ehtiyatla yanaşması hiss olunur. Ümumilikdə sorğu prosesində əldə olunmuş nəticələrə əsasən, respondentlərin 41%-i son 2 ildə biznes mühitində ciddi dəyişikliyin baş vermədiyini, 32.3% sahibkar qismən yaxşılığa doğru, 10.1% respondent isə "Tam yaxşılığa doğru" dəyişikliklərin baş verdiyini vurğulayıb. Qeyd etmək lazımdır ki, sorğuda iştirak edən sahibkarlar arasında son illərdə biznesinin azaldığını deyən sahibkar olmayıb. Araşdırma nətcəsində o da məlum oldu ki, dövlət orqanları tərəfindən sahibkarları il ərzində ən çox yoxlayan Vergilər Nazirliyi, ən az yoxlama aparanlar isə Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Rayon İcra Hakimiyyətləridir. Sahibkarları yoxlayan orqanlar arasında polislər birinci yerdədir. Rəy sorğusunda məlum oldu ki, kiçik sahibkarlıq subyektləri fəaliyyətlərilə bağlı lisenziya alınmasına geniş müraciətlər edirlər. Əldə olunan nəticələr bu sahədə müəyyən problemlərin olduğunu gsötərir. Daşınmaz əmlakın qeydiyyatı ilə əlaqədar verilmiş sualların cavablarından məlum olur ki, müraciət etmiş kiçik sahibkarlıq subyektlərinin 35.8%-i və ya 167 respondent müxtəlif problemlərlə üzləşib. Bu sahədə də müəyyən dövlət orqanları tərəfindən edilən süründürməçilik, lazımsız arayışların çoxluğu halları, qaydaların birmənalı olması kimi problemlər mövcuddur. Rəy sorğusu prosesində kiçik sahibkarlıq subyektlərinin Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığı haqqında suallar da verilib. Son 2 il ərzində Fondun öz fəaliyyətini regional səviyyədə genişləndirməsinə baxmayaraq sorğuda iştirak etmiş respondentlərin yalnız 18.1%-i və ya 181 respondent Fonda müraciət etdiyi və onların da təqribən üçdə ikisinin (61.3% və ya 111 respondent) kredit əldə etdiyi müəyyən olunub.

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31