Mənzillərin qiyməti günbəgün artır - ARAŞDIRMA
İnşaat materialları ucuzlaşdıqca mənzillər bahalaşır
25 İyul 2013 16:02 İqtisadiyyatCon on il ərzində Azərbaycanın tikinti bumuna çevrildiyini desək fikrimizdə yanılmarıq. Bu tikililər içərisində yaşayış komplekslərinin rolu daha qabarıq görünür. Məsələ orasındadır ki, Azərbaycanda tikinti bumunun kifayət qədər inkişaf etməsinə baхmayaraq vətəndaşlar hələ də mənzil problemi ilə yaşamaqda davam edir. Məlumat üçün qeyd edək ki, 2013-cü ilin əvvəlindən inşaat kompleksində 7.4 milyard manat məbləğində vəsaitdən istifadə edilmiş, onun 64.9 faizi və ya 4.8 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2012-ci ilin birinci yarısına nisbətən inşaat işlərinə sərf olunmuş investisiyanın həcmi 22.9 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 39.6 faiz artıb. Əsas kapitala yönəldilmiş vəsaitin 74.9 faizini və ya 5.5 milyard manatını daxili investisiyalar təşkil edib və 18.1 faiz artıb. Kompleksdə aparılmış inşaat işləri nəticəsində bir sıra istehsal və sosial obyektlər istifadəyə verilib. Altı ay ərzində ümumi sahəsi 917.9 min kv.metr yaşayış evləri tikilərək istifadəyə verilib. Bütün bunlara baxmayaraq, inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda mənzillər baha olduğundan hətta tikilmiş binalardakı mənzillərin satışı mümkün olmur. Odur ki, paytaxt Bakıda kifayət qədər yaşayış kompleksi hələ də öz sakinlərini gözləyir. İnhisarçılar isə öz gəlirləri xatirinə qiymət endirimi barədə düşünmək belə istəmirlər. Buna rəğmən fərdi yaşayış evlərinin tikintisi də elə asan başa gəlmir. İnsanların orta aylıq əmək haqqı gündəlik tələbat mallarının ödənilməsinə güclə yetdiyi bir məqamda təbii ki, ən azı 30-40 min manata başa gələn fərdi evi tikmək üçün kifayət qədər zamana ehtiyac duyulur. Buna rəğmən paytaxtda dəyəri bir neçə milyon manata çatan fərdi yaşayış evləri var ki, təkcə həmin evlərdə təmizlik işləri aparmaq üçün xadimələrə ayda bir neçə min manat xərcləmək tələb olunur. Belə fərqli bir situasiyada orta stratistik azərbaycanlının mənzil alması problemə çevrilib. "Əmlаk Bаzаrı İştirаkçılаrı" İctimаi Birliyinin məlumatına görə, cari ilin may ayı ərzində Bаkı şəhəri üzrə kоmmеrsiyа məqsədilə istifаdə еdilən əmlаkın orta satış qiymətində və icаrə qiymətlərində qiymət artımı müşahidə edilib. Bаzаrа təklif olunan qeyri-yaşayış sаhələrinin sayı isə 1,4 fazi azalıb. Ümumiyyətlə, may аyı ərzində qеyri-yаşаyış sаhələri və icаrə bаzаrlаrındа qiymətlərin nisbi artımı müşahidə olunub. Bаkı şəhəri üzrə 1 kvadrat metr qеyri-yаşаyış sаhəsinin оrtа satış qiyməti 2930 dollardan 2939 dollara qalxıb. Rəsmi orqanların statistikasından bəlli olur ki, ölkədə inşaa edilən yaşayış sahələrinin həcmi artdıqca qiymətlər paralel olaraq qalxır. İctimai Birliyin inşaat materialları ilə bağlı apardığı monitorinq zamanı məlum olub ki, aprel ayından başlayan qiymət azalması may ayında da davam edib. Ümumilikdə ötən ay daha çox 12 adda, 34 növdə tikinti materialı üzrə qiymətlərdə azalma olub. Bu isə o deməkdir ki, tikinti materiallarının qiymətlərində baş verən ucuzlaşma da mənzillərin qiymətinə təsir etmir. Reallıq ondan ibarətdir ki, ölkədə, хüsusən paytaхt Bakıda mənzil tikintisinin sayı-hesabı olmasa da əhalinin хeyli hissəsi kirayədə yaşamaq zorunda qalıb. Çünki vətəndaşların hazırki sosial durumu fərdi məmzil tikməyə imkan vermir, hazır mənzilləri almaq isə olduqca mürəkkəb məsələdir. Bəs ölkədə bu qədər bina tikintisinin aparıldığı bir şəraitdə mənzillərin qiymətində baş verən artım hansı amillərlə bağlıdır? Ekspertlərin qənaətinə görə, mənzil bazarında qiymətlərin sabit saxlanmasında inhisarçılığın rolu danılmazdır. Yəni, inhisarçılar mənzillərə olan tələbatın azalması, tikinti materiallarının ucuzlaşması, yaşayış komplekslərinin sayının artmasi kimi təsiredici amillərin mövcudluğuna baxmayaraq qiymət azalmasının qarşısını ala bilirlər. Buna səbəb gizli iqtisadiyyatın hökm sürməsi, tikinti şirkətlərinin vəsait itgisi ilə üzləşməməsidir. Normal halda inşaa edilən mənzillərin qısa müddət ərzində satılmaması riskli hal hesab olunur, ən yaxşı halda şirkətlərin müflisləşməsi ilə nəticələnə bilir. Azərbaycanda isə tikinti şirkətləri məmurlar tərəfindən himayə olunduğundan tikinti aparılması üçün torpaq sahəsinin ayrılmasından tutmuş sənədləşmə və inşaat materiallarına qədər bütün proseslər zənglə həllini tapdığından elə də baha başa gəlmir. Bu halda itərəcəyi qəpik-quruşla hesablanan şirkətlər mənzili ucuz satmaqdansa, satmamağı üstün tuturlar. Ancaq bu yeganə səbəb deyil. Apardığımız araşdırmalar deməyə əsas verir ki, mənzil bazarında qiymətlərin qalхmasında "maklerlərin" fəaliyyəti əsas rol oynayır. Demək olar ki, mənzil bazarında hegemonluq maklerlərin əlindədir. Məhz bu səbəbdən mənzil bazarında qiymətlər sünii çəkildə şişirdilir. Maklerlərin bazara təklif etdikləri mənzillər keyfiyyətindən, texniki göstəricilərindən, smeta dəyərindən asılı olmayaraq daha baha qiymətə başa gəlir. Bu zaman əsas göstərici olaraq mənzillərin paytaxtın mərkəzində olması, ətrafında tibb və səhiyyə ocaqlarının yerləşməsi təqdim olunur. Əslində isə belə binalarda avtomobil dayanacağı, gəzinti meydançası, binanın giriş-çıxışı, təchizatı və s. göstəriciləri adi sosial tələblərə cavab vermir. Sadəcə həmin binaların gələcək prespektivləri şişirdilir. Bu baxımdan təkrar mənzil bazarındakı bəzi evlərin qiyməti hələ də yeni tikili binalardakı mənzillərdən üstün olaraq qalır. Bundan başqa qiymətlərə təsir edən amillərdən biri də onun Dövlət Komissiyası tərəfindən qeydə alınması ilə bağlıdır. Məlumdur ki, hazırda paytaxtda kifayət qədər hazır binalar var ki, hələ də istismara qəbul edilməyiblər. Belə binalarda yalnız regionlardan, yaxud Rusiyadan gəlmiş imkanlı şəxslər mənzil almaqda maraqlıdırlar. Sıradan olan vətəndaşlar isə illərlə həsrətini çəkdikləri mənzillərə pul ödədikdən sonra problemsiz yaşamağı üstün tutrlar. Məhz bu səbədən bazarda ucuz evlərin alqı-satqı əməliyyatları bahalı mənzillər seqmentinə nisbətdə daha aktivdir. Görünür bu fakt da inhisarçı şirkətlərin gəlirlərinə elə bir təsir göstərmək gücündə olmadığından hələ ki, mənzillərin qiymətlərinin nəzərəçarpacaq dərəcədə ucuzlaşacağından danışmağa dəyməz. Çünki ucuzlaşma ən yaxşı halda 0,1 faizlə müşahidə olunur ki, bu da dahalı mənzillər üçün elə də böyük bir itki hesab olunmur.
Alim