“Efford” sərinləşdirici içkisi də saxta çıxdı
İstehlaka yararsız sərinləşdirici içki məhv edildi
28 İyun 2012 16:27 İqtisadiyyatMəlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Əlif İbrahimova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilmişdi.
Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən "Efford" əmtəə nişanlı şaftalı və albalı sərinləşdirici içkisinin tərkibində quru maddənin kütlə payının normadan az olduğu, habelə resepturada həmin məhsulların istehsalında konservant kimi benzoy turşusundan istifadə edilməsi nəzərdə tutulmadığı halda məhsulun tərkibində həmin maddənin olduğu aşkar edilmişdir.
Laborator müayinələrin nəticələrinə əsasən, insan orqanizmi üçün yararlı olmayan 830 litr sərinləşdirici içkilərin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən Əlif İbrahimova icrası məcburi göstəriş verilmişdir. ("OLAYLAR"İA)
İnsan orqanizmi üçün yararlı olmayan 830 litr sərinləşdirici içki Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilmişdir.