Azərbaycan daha bir "Embraer" təyyarəsi alıb
Bu, AZAL tərəfindən alınan artıq ikinci "Embraer-190" təyyarəsidir
24 İyul 2013 19:37 İqtisadiyyatBu dəqiqələrdə "Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən alınmış Braziliya istehsalı "Embraer-190" sərnişin təyyarəsi Heydər Əliyev Aeroportuna enir. Bu barədə "APA-Economics"ə AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib. Bu, AZAL tərəfindən alınan artıq ikinci "Embraer-190" təyyarəsidir. İlk təyyarə bu ilin iyulun 5-də Azərbaycana gətirilib. Qeyd edək ki, 106 nəfərlik həmin təyyarə hazırda Bakıdan Gəncə, Naxçıvan və Təbriz (İran) istiqamətlərində uçuşlar həyata keçirir.
Ümumiyyətlə, Azərbaycan "Embraer" tipli 6 avialayner alacaq - bunun ikisi "Embraer-170", 4-ü isə "Embraer-190" olacaq. Bütün təyyarələrin ilin sonuna kimi alınaraq Azərbaycana gətirilməsi planlaşdırılır.
Qeyd edək ki, bu il AZAL-ın parkına həmçinin iki yeni "Airbus A-340" təyyarəsi əlavə olunub, 2014-cü ildə isə AZAL "Boeing-787 Dreamliner" təyyarəsini alacaq.
Hazırda AZAL-ın təyyarə parkında 7 "Airbus A-320", 4 "Boeing-757-200", 3 "Airbus A-319", 2 "Airbus A-340", 2 "Boeing-767-300ER" və artıq 2 "Embraer-190" avialaynerləri mövcuddur.